İqtisadiyyat

Azərbaycan-Ukrayna komissiyasının iclası keçiriləcək

03 Jun 2026, 18:46 2 baxış
Azərbaycan-Ukrayna komissiyasının iclası keçiriləcək

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası bu ilin payızında Ukraynada keçiriləcək.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini, energetika naziri Denis Şmıqal Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşün yekunlarına dair X sosial şəbəkəsində yazıb.


"Gündəlikdəki məsələlər arasında bərə daşımalarının inkişafı, ərzaq məhsulları ticarətinin genişləndirilməsi, təhsil və elm sahəsində əməkdaşlıq, innovasiya və texnologiyaların birgə inkişafı yer alır", - məlumatda bildirilib.


Şmıqal qeyd edib ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında energetika sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunub.


Tərəflər, həmçinin enerji daşıyıcılarının nəqli marşrutlarının, o cümlədən Ukrayna infrastrukturundan istifadə etməklə Avropa İttifaqı ölkələrinə doğru inkişaf perspektivlərini nəzərdən keçiriblər.


Baş nazirin müavininin sözlərinə görə, ötən il Azərbaycan qazının Ukraynaya sınaq məqsədli tədarükü regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Trans-Balkan marşrutunun potensialını təsdiqləyib.


"Həmçinin Rusiya hücumları nəticəsində zədələnmiş Ukrayna enerji infrastrukturunun bərpası və dayanıqlığının artırılması məsələlərini müzakirə etdik. Azərbaycan biznesi Ukrayna layihələrinə sərmayə qoymağa hazırdır. Biz ona hərtərəfli dəstək göstərməyə hazırıq", - o qeyd edib.


Şmıqal həmçinin ölkənin enerji sektoruna verdiyi dəstəyə və göstərilən humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib.


"Təqdim edilən avadanlıq və humanitar yardım bizə ən çətin dövrləri arxada qoymağa kömək etdi", - o yazıb.

Mənbə axar.az

Oxşar Xəbərlər