Dünya
Rubiodan NATO sammiti ilə bağlı maraqlı açıqlama: "Əyləncəli olacaq"
ABŞ dövlət katibi Marko Rubio Türkiyədə keçiriləcək NATO sammitinin "əyləncəli" keçəcəyini gözlədiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb. "NATO görüşü əyləncəli olacaq", - deyə Rubio ABŞ administrasiyasının alyansdakı müttəfiqlərə yönəlmiş iradlarına işarə edərək qeyd edib. ABŞ-nin NATO çərçivəsindəki öhdəliklərinə sadiqliyi ilə bağlı suala cavab verən dövlət katibi bildirib ki, Vaşinqton üçün alyansa üzvlüyün əsas üstünlüklərindən biri fövqəladə vəziyyətlərdə və münaqişələr zamanı müttəfiq ölkələrin hərbi bazalarından istifadə etmək hüququdur. "İndi isə elə bir dünyada yaşayırıq ki, bəzi ölkələr, məsələn, İspaniya açıq şəkildə bizim onların bazalarından istifadə etməyimizə icazə vermədikləri ilə fəxr edirlər. Əgər NATO-ya üzvlüyümüzün əsas səbəbi bazalardan istifadə imkanıdırsa və bəzi üzv ölkələr fövqəladə vəziyyət zamanı faktiki olaraq bu imkanı bizə vermirlərsə, bu, ABŞ-nin alyansdakı iştirakının məqsədəuyğunluğunu sual altına qoymağa vadar edir", - deyə Rubio vurğulayıb. NATO-nun 36-cı sammiti 7-8 iyul tarixlərində Ankaradakı Beştəpə Prezident Kompleksində keçiriləcək. Bundan əvvəl Türkiyə NATO liderlərinin sammitinə sonuncu dəfə 2004-cü ildə İstanbulda ev sahibliyi edib.
Mənbə
oxu.az