Dünya
Fransanın Avropanın nüvə təhlükəsizliyi ilə bağlı planının detalları məlum olub
Fransanın nüvə çəkindirmə planı NATO modelinə uyğun olaraq nüvə silahının daimi yerləşdirilməsini və birgə istifadəsini nəzərdə tutmur. Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı mənbələrə istinadən yazıb. Məlumata görə, Parisdə NATO çərçivəsində razılaşdırılmış nüvə silahının birgə istifadəsi modeli də müzakirə edilmir. Bu modeldə Almaniya Hərbi Hava Qüvvələrinin qırıcıları ABŞ-nin taktiki nüvə bombalarını hədəfə çatdırır, lakin nüvə zərbəsi barədə qərar yalnız ABŞ prezidentinə məxsus olur. Jurnalın yazdığına görə, Paris daha çox hava məkanından istifadə, aviabazalar və Fransa qırıcıları üçün havada yanacaq doldurma imkanlarının təmin edilməsini nəzərdə tutur. Həmçinin döyüş təyyarələrinin müvəqqəti yerləşdirilməsi də mümkündür. Ekspertlərin qiymətləndirməsinə görə, hazırda Fransanın nüvə arsenalında təxminən 290 döyüş başlığı var. Fransanın nüvə qüvvələri iki əsas komponentdən ibarətdir: birincisi, sualtı qayıqlarda yerləşdirilən uzaqmənzilli ballistik raketlərdir. Dörd atom sualtı qayığının hər biri 16 ədəd "M51" tipli raket daşıyır və onların uçuş məsafəsi 10 min kilometrdən çoxdur. Hər raket 6-ya qədər döyüş başlığı daşıya bilər. İkincisi, Fransa "Rafale" qırıcılarından buraxılan qanadlı raketlərə malikdir. Bu təyyarələr ölkə daxilində üç bazada yerləşdirilib. Bundan əlavə, "Rafale" qırıcıları "Şarl de Qoll" aviadaşıyıcısında da yerləşdirilir. Qeyd edək ki, mart ayında Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasında nüvə çəkindirmə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə birgə bəyannamə təqdim ediblər. Sənəddə tərəflərin bu il ərzində konkret addımların atılması barədə razılaşdığı bildirilir. Bu addımlara Almaniya Silahlı Qüvvələrinin Fransa nüvə təlimlərində iştirakı, strateji obyektlərə birgə səfərlər və Avropa tərəfdaşları ilə birlikdə adi silahların inkişafı daxildir.
Mənbə
oxu.az