Dünya
ABŞ, Britaniya və Avstraliya hərbi sualtı dronlar əldə edəcəklər
ABŞ, Böyük Britaniya və Avstraliyanın Müdafiə nazirlikləri AUKUS üçtərəfli müdafiə sazişi çərçivəsində müasir sualtı pilotsuz aparatların hazırlanmasını davam etdirəcək. Yeni sistemlərin artıq 2027-ci ildə bu ölkələrin silahlı qüvvələrinin arsenalına daxil olması mümkündür. Oxu.Az xəbər verir ki, bu barədə üç ölkənin müdafiə qurumlarının birgə bəyanatında bildirilib. Layihə AUKUS tərəfdaşlığının "ikinci sütunu" çərçivəsində həyata keçirilir. Bu istiqamət qabaqcıl müdafiə texnologiyalarının, o cümlədən kvant texnologiyalarının, sualtı və hipersəs sistemlərinin, həmçinin süni intellekt və kibertəhlükəsizlik həllərinin inkişafını nəzərdə tutur. ABŞ-nin hərb naziri Pit Heqset bildirib ki, tərəfdaş ölkələr sualtı əməliyyatları dəstəkləmək üçün yüksək uyğunlaşma qabiliyyətinə malik çoxməqsədli sualtı pilotsuz aparat kompleksi hazırlayacaqlar. Böyük Britaniyanın müdafiə naziri Con Hili isə qeyd edib ki, bu əməkdaşlıq sayəsində qoşunlar ən müasir döyüş texnologiyaları ilə daha sürətli təmin olunacaq, tərəflər birlikdə sualtı pilotsuz sistemlər üçün yeni nəsil sensorlar və silah sistemləri istehsal edəcəklər. Qeyd edək ki, AUKUS 2021-ci ildən fəaliyyət göstərir. Tərəfdaşlığın əsas məqsədi Hind-Sakit okean regionunda təhlükəsizliyin və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. AUKUS-un əsas layihələrindən biri də Avstraliyanın nüvə sualtı qayıqları ilə təmin edilməsidir.
Mənbə
oxu.az