Şou biznes
Oleq Qazmanovun konsert gəlirləri mənimsənilib? - Məhkəmədə şok iddialar
Müğənni Oleq Qazmanovun keçmiş konsert direktoru Dmitri Tsarenko artistin konsertlərindən əldə olunan gəlirləri mənimsəməkdə ittiham olunur. Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə müğənninin administratoru ilə bağlı keçirilən məhkəmə prosesində bildirilib. Dmitri Tsarenko Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü və 4-cü hissələri - külli və xüsusilə külli miqdarda dələduzluq üzrə ittiham edilir. İş üzrə ümumilikdə 17 epizod müəyyən olunub və zərərin məbləği 15 milyon rubldan çoxdur. Məhkəmə iclasında Qazmanovun auditoru Olqa Cavaxadze bildirib ki, müğənninin xahişi ilə Tsarenkonun rəhbərlik etdiyi "OMG-promo" şirkətinin fəaliyyəti yoxlanılıb. Auditorun sözlərinə görə, Moskva və Sankt-Peterburqdakı konsertlərdən əldə olunan bilet satışları ilə Qazmanovun qonorarı arasında uyğunsuzluqlar aşkarlanıb. O qeyd edib ki, Tsarenko işdən çıxarıldıqdan sonra müğənninin konsert gəlirləri 40 faiz artıb. Tsarenko ittihamları qəbul etmir və həmişə Qazmanovun göstərişi ilə hərəkət etdiyini bildirir. O həmçinin müğənniyə qarşı iddia qaldıraraq 44 milyon rublun geri qaytarılmasını tələb edib və bunu "əsassız varlanma" adlandırıb. Məhkəmə hələlik iddianı icraata götürməyib. Dmitri Tsarenko 2010-2024-cü illərdə "OMG-promo" şirkətinin baş direktoru və Qazmanovun konsert direktoru olub. O, 2025-ci ilin iyulunda müğənniyə qarşı dələduzluqla bağlı başqa bir iş üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə
oxu.az