Cəmiyyət
Dima Al-Xatib: "Su, sanitariya və təhsil xidmətlərinə çıxışın məhdudluğu zorakılıq riskini artırır" - FOTO
"Su, sanitariya və təhsil xidmətlərinə çıxışın məhdud olması qərarvermə proseslərindən kənarda qalmağa, xüsusilə qadın və qızlar üçün gender əsaslı zorakılıq riskinin artmasına səbəb olur". Oxu.Az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Sürətlə Urbanizasiya Edilən Qlobal Cənub üçün İnnovativ Tərəfdaşlıqlar və Həllər" sessiyasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Xatib deyib. O bildirib ki, 2030 Gündəliyinin hədəf tarixinə cəmi dörd il qaldığı bir vaxtda iqlim dəyişikliyi, təbii fəlakətlər, münaqişələr və qeyri-sabitlik xüsusilə şəhərlərə ciddi təzyiq göstərir. Al-Xatibin sözlərinə görə, 2050-ci ilədək dünyada şəhər əhalisinin artımının təxminən 90 faizi Afrika və Asiyada baş verəcək: "Qeyri-formal yaşayış məntəqələrində yaşayan insanların 80 faizi isə sürətli urbanizasiyanın gözləndiyi regionların payına düşür". Baş direktor vurğulayıb ki, Qlobal Cənubda qeyri-formal məskunlaşma ərazilərində yaşayan hər üç nəfərdən biri yüksək daşqın riski olan zonalarda məskunlaşıb və iqlim fəlakətlərinə daha çox məruz qalır. Direktor qeyd edib ki, hər həftə təxminən 1.5 milyon insan daha yaxşı imkanlar axtarışı ilə şəhərlərə köçür və onların yaşayacağı məkan gələcək həyat perspektivlərini müəyyənləşdirir: "Qlobal Cənub ölkələri artıq yalnız yardım alan deyil, təcrübə, innovasiya və liderlik təqdim edən mühüm inkişaf tərəfdaşlarına çevrilirlər. Azərbaycan da bu dəyişən mənzərənin nümunələrindən biridir".
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az