Cəmiyyət

Ukrayna təmsilçisi: "Azərbaycanın dəstəyi bizim üçün həyati əhəmiyyət daşıyırdı"

18 May 2026, 12:44 4 baxış
Ukrayna təmsilçisi: "Azərbaycanın dəstəyi bizim üçün həyati əhəmiyyət daşıyırdı"
"Ümumdünya Şəhərsalma Forumunda (WUF13) öz stendini nümayiş etdirmək üçün yaradılan şərait Ukrayna tərəfindən yüksək qiymətləndirilir". Bunu Oxu.Az-a açıqlamasında Ukraynanın İcmalar və Ərazilərin İnkişafı Nazirliyini WUF13-də təmsil edən Yuliya Çileneva bildirib. "İlk növbədə dəvətə görə minnətdarlığımı bildirirəm. Bu beynəlxalq platforma vasitəsilə dövlətimizdəki cari vəziyyət və müharibənin səbəb olduğu dağıntılar haqqında həqiqətləri qlobal ictimaiyyətə çatdırırıq". İki ölkə arasındakı hazırkı əməkdaşlıq əlaqələrinə dair verilən suala cavab verərkən nazirlik nümayəndəsi Azərbaycanın əməli yardımlarını xüsusi qeyd edib: "Azərbaycan dövlətinə göstərdiyi dəstəyə görə təşəkkür edirik. Xüsusilə də ən mürəkkəb dövrlərdə, o cümlədən əhalinin isinməsi məqsədilə xüsusi istilik məntəqələrinin təşkilində bizə yardımçı oldular. Bu, kənardan kiçik addım kimi görünə bilər, lakin bizim üçün həyati əhəmiyyət daşıyırdı". Yenidənqurma proseslərindən bəhs edən Y.Çileneva qlobal təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkib: "İnfrastrukturu zərər görmüş və yenidənqurma mərhələsindən keçən fərqli dövlətlərin təcrübələrini yaxından tədqiq edirik. Bu baxımdan Qarabağın bərpası təcrübəsi bizim üçün çox önəmli və yararlı bir modeldir". Nazirlik rəsmisinin fikrincə, bərpa-quruculuq işlərində innovativ texnologiyaların tətbiqi həlledici əhəmiyyətə malikdir: "Yenidənqurma zamanı "ağıllı şəhər" layihələri mükəmməl imkanlar yaradır. Rəqəmsallaşma vətəndaşların həyat səviyyəsini yüksəltməyə, xidmət sahələrinin əlçatanlığını artırmağa və cəmiyyətin fərqli təbəqələrinə dəstək olmağa xidmət edir. Şəhərlər keçmişdəkindən daha müasir səviyyədə bərpa edilməlidir və bu cür konseptual yanaşmalar həmin hədəfə xidmət edən ən yaxşı nümunədir".
Mənbə oxu.az

Oxşar Xəbərlər