İdman
İngiltərə Premyer Liqasından gündəmi dəyişən xəbər
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola 2026-cı ilin yayında postundan getməyi planlaşdırır. Oxu.Az bildirir ki, bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb. Yayılan məlumatlara əsasən, ispaniyalı mütəxəssis qərarı ilə bağlı yaxın günlərdə rəsmi açıqlama verəcək. Qvardiola 2016-cı ildə "Mançester Siti"nin sükanı arxasına keçib və on il ərzində komanda ilə birlikdə 20 titul qazanıb. O, klubla altı dəfə İngiltərə Premyer Liqasının, beş dəfə isə İngiltərə Liqa Kubokunun qalibi olub. İspaniyalı baş məşqçinin rəhbərliyi altında "şəhərlilər" üç dəfə İngiltərə Superkubokunu başı üzərinə qaldırıblar. Bununla yanaşı, komanda UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub. Mayın 16-da "Mançester Siti" həlledici matçda "Çelsi"ni məğlub edərək İngiltərə Kubokunu qazanıb. Londonun Uembli Stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb. Görüşdə yeganə qolu 72-ci dəqiqədə Antuan Semenyo vurub. Qolun məhsuldar ötürməsini isə Erlinq Haland edib. Hazırda İngiltərə çempionatının turnir cədvəlində "Mançester Siti" çempionluq uğrunda London "Arsenal"ı ilə rəqabət aparır. "Şəhərlilər" 77 xalla ikinci pillədə qərarlaşıb və liderdən iki xal geri qalır.
Mənbə
oxu.az