Cəmiyyət

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

16 May 2026, 18:09 1 baxış
Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı türk dünyasının gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyan mesaj verdi: “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir”.


“XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” deyən və bu istiqamətdə strateji addımlar atan Azərbaycan liderinin bu mesajı türk dünyası üçün “Yol xəritəsi” hesab oluna bilər. Çünki mövcud geosiyasi şərtlər – dünyanın qütbləşməsi və regional ittifaqların ön plana çıxması fonunda milli və ortaq maraqları müdafiə etməyin yolu türk dövlətlərini güc mərkəzinə çevrilməsindən keçir. Məsələni bir qədər də konkretləşdirsək, xüsusilə ABŞ və Çinin geosiyasi rəqabətinin kəskinləşmə mərhələsinə keçdiyini, yaxın və uzaq perspektivdə beynəlxalq münasibətlərin bu rəqabət üzərində qurulacağı gözləntilərini, eləcə də çoxqütblü dünya sisteminin ön plana çıxdığını nəzərə alsaq, türk dövlətləri qarşısına iki seçim çıxır:


- ya bu rəqabətin tərəfinə çevrilməli və iki qütbdən birinin yanında yer almaqla geosiyasi burulğana düşməlidirlər;


- ya da bir ailə kimi vahid siyasi xətdən çıxış etməli, geosiyasi güc mərkəzi kimi qütbləşən dünya siyasətində həlledici təsirə malik olmalıdırlar;


İkinci seçim geosiyasi burulğada təkcə “sağ qalmaq” yox, güc mərkəzinə çevrilmək, milli və ortaq maraqlarımıza kənar müdaxilənin qarşısını almaq deməkdir. Prezident İlham Əliyev bunun mesajını verdi. Və bəyan etdi ki, Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.


Bu, türk dünyasının XXI əsrin geosiyasi güc mərkəzinə çevrilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyi deməkdir.


Türk dünyasının keçdiyi yola - dərin inteqrasiya və vahid güc mərkəzinə doğru atılan addımlara baxdıqda, Azərbaycanın birləşdirici və hadisələrin inkişafına yön verən siyasətinin həlledici olduğunu aydın görmək mümkündür. Hələ 2009-cu ildə türk dünyasının coğrafi parçalanma nöqtəsi olan Naxçıvanda Türk Şurasının təsis edilməsi, bu parçalanmanı aradan qaldırmaq məqsədilə həyata keçirilən işlər – Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar, bütövlükdə türk dünyasının siyasi, iqtisadi, sosial müstəvidə inteqrasiyasının güclənməsi bunun real nümunələri arasındadır.


Türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti təsisatları arasında ictimai kommunikasiyanın gücləndirilməsi, ictimai inteqrasiyanın gücləndirilməsidir.


Bunu strateji zərurətə çevirən amillər var.


Birincisi, vətəndaş cəmiyyəti arasında kommunikasiyanın güclənməsi uzunmüddətli əməkdaşlığı şərtləndirir;


İkincisi, bu əməkdaşlıq dezinformasiyalara qarşı birgə mübarizəni effektiv şəkildə aparmaq üçün informasiya mübadiləsinin güclənməsi imkanlarını genişləndirir;


Üçüncüsü, ortaq milli kimliyin güclü təməllərinin qurulması gələcək nəsillər üçün də vacib mirası formalaşdırır;


Bu kontekstdə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumu strateji əhəmiyyətə malikdir. Bu Forum hazırda Türk Dövlətləri Təşkilatına sədrlik edən Azərbaycanın türk dünyasının vətəndaş cəmiyyəti təsisatları arasında ictimai kommunikasiyanın gücləndirilməsi siyasətinin məntiqi davamıdır. Azərbaycanın səyləri ilə bu istiqamətdə mühüm nəticələrin əldə edilib.


2025-ci ilin noyabrında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Bakı və Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının I Həmrəylik Forumu keçirilib. Forum iştirakçılarına müraciətində Prezident İlham Əliyev bəyan edirdi ki, türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir.


Dövlət başçısı həmin müraciətində qeyd edirdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.


Azərbaycanın təşəbbüsü ilə ötən Forumda ilk dəfə Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT Platforması təsis edildi. Platformaya ilk rəhbərlik də Azərbaycana həvalə olunub. Daimi qərargahı Bakıda yerləşən Platforma vətəndaş cəmiyyətinin inteqrasiyası istiqamətində mühüm işlər həyata keçirib. Son 7 ayda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Azərbaycanda iki dəfə toplaşması da belə nümunələrdəndir.


Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirildi. “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində baş tutan Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib. Forumunda xüsusi vurğulanıb ki, WUF13 Türk dünyasında bir ilkdir. Türk dövlətlərindən olan QHT təmsilçiləri bu münasibətlə Azərbaycanı təbrik ediblər.


Forumda əsas məqamlardan biri də ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumlarının keçirilməsi idi. İkitərəfli forumlar türk dünyasının ümumi həmrəyliyinin gücləndirilməsi baxımından xüsusilə önəm daşıyır. Ötən dövrdə atılan addımlar və əldə olunan nəticələr də bunun nə qədər əhəmiyyətli olduğunu göstərir.


2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.


Ən önəmli məsələlərdən biri Azərbaycanın QHT Agentliyinin türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazır olduğunu bəyan etməsidir. Bu, türk dünyasının vətəndaş cəmiyyəti təsisarları arasında inteqrasiyasını və ortaq maraqlar istiqamətində birgə fəaliyyəti daha da stimullaşdıracaq.


Forumunda bəyan edildi ki, türk sivilizasiyası dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiyadır. Bu kontekstdə Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı xüsusi məna daşıyan tarixi əhəmiyyətli sənəddir. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ yaradıb. Pezident İlham Əliyev Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə elan edib ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də bu ilin iyun ayında Bakıda keçiriləcək. Bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisə olacaq.


Azərbaycanın təşəbbüsləri – türk dünyasında vətəndaş cəmiyyəti arasında kommunikasiyasının qurulması Türk Dövlətləri Təşkilatının dərin inteqrasiyasına kompleks yanaşma yolunu inşa edir ki, bu da türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsi perspektivlərini gücləndirən vacib kompenentlərdən biridir.

Mənbə axar.az

Oxşar Xəbərlər