Siyasət
Türküstanda TDT XİN Şurasının iclası keçirilib - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Türküstan şəhərində "Süni İntellekt və Rəqəmsal İnkişaf" mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, C.Bayramov artan geosiyasi qeyri-müəyyənliklər, hibrid təhdidlər, qlobal təhlükəsizlik fonunda Türk dövlətləri arasında həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Çıxış zamanı Orta Dəhlizin strateji rolu, rəqəmsal bağlantı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, süni intellekt əsaslı innovasiyalar, eləcə də Trans-Xəzər fiber-optik kabel təşəbbüsünü əhatə edən "Rəqəmsal İpək Yolu" layihəsi xüsusi qeyd olunub. Nazir həmçinin həmkarlarına Azərbaycanın 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı" yenidənqurma işləri barədə məlumat verib. Bir neçə gün sonra Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanın dayanıqlı şəhərsalma baxışının göstəricisi olduğu vurğulanıb. Sonda Azərbaycanın rəqəmsal transformasiya və Türk Dövlətləri Təşkilatı çərçivəsində süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlığın inkişafına sadiqliyi bir daha təsdiqlənib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az