Məşhur şairin xəstəxanaya borcu ödənildi
Səhhətində problem yaranan məşhur şair Yusif Həsənbəy özəl xəstəxanadan dövlət tibb müəssisəsinə köçürülüb.
Kult.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu bildirib.
O, AYB rəhbərliyi adından səhiyyə naziri Teymur Musayevə və TƏBİB-in rəhbərliyinə təşəkkür edib:
“Dünən axşam saatlarından ağır vəziyyətdə “Məlhəm” Beynəlxalq Hospitalında müalicə alan şair, nasir Yusif Həsənbəylə bağlı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın tapşırığı ilə sədrin baş müşaviri Rauf Aslanov həm səhiyyə naziri Teymur Musayevə, həm TƏBİB-in icraçı direktoru Anar Bayramova müraciət elədi, onlarla danışdı. Qərara alındı ki, Yusif müəllim Bakı Sağlamlıq Mərkəzində dövlət hesabına müalicəsini davam etdirsin. “Məlhəm” Hospitalına dostların köməyi ilə toplanmış vəsaitlə son 2-3 günlük müalicə xərci (1323 azn) və Bakı Sağlamlıq Mərkəzinə köçürülmə xərci (126 azn) ödəndi”.
Qeyd edək ki, Həsənbəyov Yusif Qonaq oğlu 1932-ci ildə Quba rayonunda anadan olub. O, 1994-cü ildən AYB-nin Quba zona şöbəsinin sədri olub.