Dünya

Bakıdan Türküstana uzanan intellektual körpü: TDT-nin yeni inkişaf strategiyası - FOTO

13 May 2026, 18:12 1 baxış
Bakıdan Türküstana uzanan intellektual körpü: TDT-nin yeni inkişaf strategiyası - FOTO
Keçirildiyi gündən etibarən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitləri türk dünyasında etimadın daha da möhkəmlənməsi və strateji koordinasiyanın qurulması üçün əvəzolunmaz bir platformaya çevrilib. 15 may tarixində Qazaxıstanda keçiriləcək növbəti sammitin də türk dünyasında yeni bir dövrün, yəni rəqəmsal birliyin elan olunacağı gün kimi yaddaşlarda qalacağını əminliklə söyləmək olar. Çünki rəqəmsallaşan dünyanın texnoloji yenilikləri ilə ayaqlaşmağı və bu sahədə də aparıcı yerləri tutmağı hədəfləyən TDT liderləri gələcək nəsillər üçün yeni bir "yol xəritəsi" hazırlayacaqlar. Müzakirə olunacaq "Süni intellekt və rəqəmsal inkişaf" mövzusu da təsadüfi seçilməyib. Bu, illər öncə atılan strateji addımların, illərdir ilmə-ilmə toxunan birliyin məntiqi nəticəsidir. TDT: Şuradan beynəlxalq təşkilata Qeyd etmək lazımdır ki, türk dövlətləri üçün bu gün əldə edilən birliyi təmin etmək o qədər də asan olmayıb. SSRİ dağıldıqdan sonra bir-biri ilə əlaqələr quran türk dövlətləri ilk dəfə Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə Naxçıvan şəhərində imzalanan bir sazişlə Türk Şurasını təsis etdilər. Türk dünyasının ortaq iradəsinin simvoluna çevrilən bu Şura gələcək böyük bir ailənin təməl daşı oldu. Türk dövlətləri gücləndikcə və aradakı əlaqələr dərinləşdikcə bu platforma qlobal siyasi güc mərkəzinə çevrilməyə doğru addımladı. 2021-ci ildə İstanbul şəhərində keçirilən sammitdə Şuranın əsasında Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması tarixi bir hadisə idi. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müstəqil xarici siyasət, beynəlxalq nüfuzu, cəsarətli çıxışları, dünyanın əksər dövlət və hökumət başçıları ilə, o cümlədən türk dövlətlərinin liderləri ilə dostluq münasibətləri TDT-nin formalaşmasında əhəmiyyətli rol oynadı. Məhz 2019-cu ildə onun şuraya sədrlik etdiyi dövrdə bu inteqrasiya layihəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə fövqəladə zirvə görüşü keçirildi və sübut edildi ki, qurum böhran anlarına çevik və həmrəy reaksiya verə bilir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi sayəsində Türk Şurası sadəcə məsləhətləşmə formatı deyil, ciddi siyasi-iqtisadi çəkisi olan bir təşkilata çevrilməyə başladı. Eyni zamanda qeyd edək ki, 2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbənin də regionda yaratdığı yeni reallıqlar İstanbulda qəbul edilən qərarlara böyük təsirini göstərdi.
Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan TDT-nin ideoloji və strateji arxitekturasını quran əsas mərkəzlərdən biridir. Bu xüsusda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitlər ənənəsinin məhz Azərbaycan sayəsində ərsəyə gəlməsi, rəsmi Bakının diplomatik təşəbbüsünün məhsulu olduğunu qeyd etmək lazımdır. Bu gün yeni bir ənənəyə çevrilən bu formatın ilk zirvəsi 2024-cü ilin 6 iyul tarixində Şuşada baş tutub. Bu da təsadüfi deyildi. Şuşa görüşünün əhəmiyyəti ondan ibarət idi ki, bu sammit Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığın türk dünyası tərəfindən rəsmən möhürlənməsi idi. Zirvə toplantısının məhz işğaldan azad edilmiş, dirçələn Şuşada keçirilməsi, bütün üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi ən yüksək səviyyəli dəstəyin nümayişi oldu. Bu sammit çərçivəsində imzalanan Bəyannamə adi bir sənəd yox, türk xalqlarının ortaq gələcəyinə, təhlükəsizliyinə və iqtisadi tərəfdaşlığına verilən kollektiv and idi. Bu, həm də dünyaya verilən aydın bir mesaj idi: türk dünyası artıq parçalanmış coğrafiyalar deyil, strateji baxımdan bir-birinə sıx bağlı, regional sabitliyin və təhlükəsizliyin əsas qarantı olan vahid bir güc mərkəzidir. TDT qlobal nizamda öz layiqli yerini tutmaq istəyir Qazaxıstanın Türküstan şəhərində 15 may tarixində keçiriləcək görüşün "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunması da sübut edir ki, bu gün türk dünyası qlobal çağırışlar və yeniliklərə qarşı həssasdır. Eyni zamanda, TDT qlobal nizamda öz layiqli yerini tutmaq istəyir. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatı məkanında sadəcə enerji və nəqliyyat layihələri ilə deyil, həm də iqtisadiyyatın köklü transformasiyasını təmin edən rəqəmsal innovasiyaların mərkəzi kimi fərqlənir. Reallaşdırılan "Süni İntellekt Strategiyası 2025-28" bu sahədəki fəaliyyətimizin təsadüfi deyil, dərin dərk edilmiş bir dövlət siyasəti olduğunu sübut edir. Azərbaycanın hədəfi regionun "ağıllı mərkəzi"nə çevrilməkdir. 2025-ci ilin 8 sentyabr tarixində Bakıda istifadəyə verilən Süni İntellekt Akademiyası gələcəyimizin intellektual bazası rolunu oynayır. Bu akademiyada innovativ ideyalar iqtisadi dəyərə çevrilir, dövlət idarəçiliyinin səmərəliliyini artıracaq alqoritmlər hazırlanır. Azərbaycan da bu təcrübəsindən istifadə edərək, bütün türk dünyası üçün yeni bir model təklif edir. Vahid, ortaq türk süni intellekt institutunun yaradılması ideyası da bir çox hədəflərə xidmət edəcək. Qeyd etmək yerinə düşər ki, 2026-cı il TDT ölkələri üçün həm də tarixi bir hadisədir. Çünki məhz 100 il əvvəl, 1926-cı ildə Birinci Türkoloji Qurultay keçirilib. Bakıda keçirilmiş həmin tarixi qurultay türk xalqlarının ortaq əlifba, vahid terminologiya və milli oyanış ideallarını elmi müstəvidə birləşdirən ilk böyük platforma idi. 1926-cı il Bakı Türkoloji Qurultayı Mərkəzi Asiyadan Anadoluya qədər bütün türk aydınlarını bir araya gətirərək XX əsrin ən mühüm mədəni hadisəsinə çevrilmişdi. Bakı həmin dövrdə türk dünyasının ortaq dil və humanitar məkanını müzakirə edən ilk qlobal platforma olmaqla, əslində, bu gün fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının ideoloji və institusional xəbərçisi idi. Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində postsovet məkanında latın qrafikalı əlifbaya keçən ilk türk dövlətidir.
Bu keçid, sadəcə, texniki bir dəyişiklik deyil, cəmiyyətin yeni yazı sisteminə adaptasiyası, dərsliklərin, dövlət sənədlərinin və kütləvi informasiya vasitələrinin bu sistemə uyğunlaşdırılması baxımından nəhəng bir təcrübədir. Azərbaycanın bu uğurlu yolu hazırda latın qrafikasına keçməkdə olan Qazaxıstan və Özbəkistan üçün əsas tədris və tətbiq bazası rolunu oynayır. Məhz XXI əsrdə də ortaq türk əlifbası layihəsi fikrinin ortaya atılması, əslində, türk dünyası üçün sadəcə linqvistik islahat deyil. Bu, daha çox geosiyasi, mədəni və strateji varlıq bəyanatıdır. Azərbaycan da bu məsələni siyasi-mədəni suverenlik məsələsi kimi gündəmdə saxlayır. Ortaq Türk Əlifbası üzrə Komissiyanın ən mühüm iclaslarının və Türk Akademiyasının bir çox elmi panellərinin Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan bu məsələni 1926-cı il Birinci Türkoloji Qurultayın mənəvi mirası kimi TDT-nin əsas prioritetinə çevirib. Azərbaycanın təkliflərindən biri də ortaq əlifbanın rəqəmsal mühitə, süni intellekt alqoritmlərinə və klaviatura standartlarına tam uyğunlaşdırılmasıdır ki, bu da rəqəmsal əsrdə türk dillərinin rəqabət qabiliyyətini artırır. Prezident İlham Əliyevin müxtəlif sammitlərdə vurğuladığı kimi, Azərbaycan türk dünyasının birliyini "ailədaxili birlik" kimi görür. Ortaq əlifba bu birliyin ən vacib vasitəsidir. Azərbaycanın təklifi ondan ibarətdir ki, əlifba birliyi təkcə rəsmi yazışmalarda deyil, həm də ortaq dərsliklər, media və elm sahəsində tətbiq olunmalıdır. Aradan yüz il keçdikdən sonra yubiley TDT çərçivəsində irimiqyaslı tədbirlərlə qeyd ediləcək. Bu da öz növbəsində sübut edir ki, türk dünyası tarixi varislik prinsipini də rəhbər tutur. Həm də bu, böyük bir simvolikadır. 100 il əvvəl Bakıda dil və mədəniyyət birliyini müzakirə edənlərin nəvələri bu gün Türküstanda süni intellekt, rəqəmsal ekosistemlər və ortaq texnoloji suverenlik məsələlərindən danışırlar. Bir əsr əvvəl yarımçıq qalmış hədəflər bu gün dövlətlərarası səviyyədə daha qüdrətli və mətin formada reallaşır.
Bu gün dünyada baş verən proseslər, qeyri-müəyyənliklər, ənənəvi ticarət yollarındakı problemlər fonunda TDT üzv ölkələri arasındakı əməkdaşlıq qlobal logistik dayanıqlılığın əsas sütununa çevrilib. Bu gün TDT Şərqlə Qərb arasında ən strateji və təhlükəsiz marşrut olan Orta Dəhlizin fəaliyyətinin əsas qrantı kimi çıxış edir. Azərbaycanın və Prezident İlham Əliyevin bu nəhəng logistik arxitekturadakı rolu, sadəcə, coğrafi üstünlüklə deyil, həm də illərlə formalaşdırılmış qətiyyətli siyasi iradə və uzaqgörən strateji investisiyalarla bağlıdır. İlham Əliyev Orta Dəhlizin təkcə siyasi deyil, ideoloji memarlarından biridir. Məhz İlham Əliyevin uzaqgörən liderlik keyfiyyəti sayəsində Azərbaycan uzun illər daxili imkanları hesabına nəhəng infrastruktur layihələri icra edib. Xəzər dənizi ilə türk dünyasını keçilməz bir qovşağa çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və ölkə daxilində qurulan müasir nəqliyyat şəbəkəsi məhz İlham Əliyevin "Azərbaycanı mühüm tranzit mərkəzinə çevirmək" strateji hədəfinin bəhrələridir. Amma qeyd edək ki, Prezident bununla da kifayətlənmir. Prezident İlham Əliyev beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatının zirvə görüşlərində Orta Dəhlizin siyasi və təhlükəsizlik çəkisini daim ön plana çıxararaq, üzv dövlətləri vahid logistik tariflər və sadələşdirilmiş gömrük prosedurları ətrafında birləşməyə sövq edir. Zəngəzur dəhlizi layihəsi isə İlham Əliyevin türk dünyasının fiziki və coğrafi bütövlüyünü bərpa etmək istiqamətində atdığı ən cəsarətli addımların başında gəlir. Bu gün Orta Dəhliz qlobal arenada strateji bir alternativ kimi qəbul edilirsə, bu, Azərbaycanın nümayiş etdirdiyi etibarlı tərəfdaş imici və İlham Əliyevin türk birliyini qlobal iqtisadiyyatın vazkeçilməz subyektinə çevirmək yolundakı sarsılmaz iradəsi sayəsində mümkün olub. Lakin Orta Dəhlizi, sadəcə, qitələrarası bir nəqliyyat marşrutu kimi xarakterizə etmək onun strateji çəkisini tam ifadə etmir. Bu marşrut, eyni zamanda, dərinləşən bir strateji tərəfdaşlıq məkanı, türk dövlətlərinin iqtisadi inteqrasiyasının fiziki təzahürüdür. Bu baxımdan, 15 may Türküstan sammitində müzakirə olunacaq rəqəmsallaşma və süni intellekt həllərinin logistikaya tətbiqi Orta Dəhlizi daha çevik və rəqabətədavamlı edərək, onu XXI əsrin qlobal logistik xəritəsində ən dayanıqlı və sarsılmaz güc mərkəzinə çevirəcək. "Report" İnformasiya Agentliyi
Mənbə oxu.az

Oxşar Xəbərlər