Siyasət
Deputat: "Ermənistanda radikal müxalifət sülh prosesinə müqavimət göstərməyə çalışır"
"Hazırkı hakimiyyət Ermənistanı qonşuları ilə sülh münasibətləri qurmağa çalışan bir ölkə kimi təqdim etmək istəyir. Lakin buna qarşı çıxan qüvvələr də mövcuddur. Radikal müxalifət revanşist ideologiya ilə çıxış edərək sülh prosesinə müqavimət göstərməyə çalışır". Oxu.Az xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkisi mühüm əhəmiyyət kəsb edir: "Bir neçə həftədən sonra Ermənistanda parlament seçkisi keçiriləcək. Mənim fikrimcə, bu seçki çox mühüm əhəmiyyət daşıyır. Çünki burada ya sülh tərəfdarları üstünlük qazanacaq, ya da revanşist qüvvələr daha ciddi mövqe nümayiş etdirməyə çalışacaqlar. Hazırkı hakimiyyət Ermənistanı qonşuları ilə sülh münasibətləri qurmağa çalışan bir ölkə kimi təqdim etmək istəyir. Lakin buna qarşı çıxan qüvvələr də mövcuddur. Radikal müxalifət revanşist ideologiya ilə çıxış edərək sülh prosesinə müqavimət göstərir". Deputat əlavə edib ki, bundan əlavə, erməni diasporu da bu proseslərdə mühüm rol oynayır: "Son dövrlərdə bəzi Avropa ölkələrində Azərbaycana qarşı qəbul edilən qərarların arxasında da məhz diaspor dairələrinin təsiri hiss olunur. Burada oliqarx qruplarının maliyyə dəstəyi, həmçinin Ermənistan kilsəsinin müəyyən dairələrinin mövqeyi də diqqət çəkir. Biz görürük ki, müxtəlif revanşist və radikal qüvvələr birləşərək sülh prosesinə mane olmağa çalışırlar. Təəssüf ki, bəzi xarici dairələr də bu proseslərə dəstək verir. Halbuki regionun gələcəyi əməkdaşlıqdan, sabitlikdən və qarşılıqlı etimaddan keçir". Onun sözlərinə görə, əgər biz bütövlükdə regiona baxsaq, görərik ki, türk dünyasının güclənməsi prosesi gedir: "Burada həm böyük enerji və mineral resurslardan, həm də mühüm nəqliyyat və logistika marşrutlarından söhbət gedir. Xüsusilə Orta Dəhliz layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Məqsəd regionun iqtisadi və nəqliyyat potensialını daha da artırmaqdır. Bu proseslərdə Azərbaycan çox önəmli və etibarlı tərəfdaş kimi çıxış edir. Dünyada baş verən münaqişələr fonunda Azərbaycan sabitliyini qoruyan, özünə güvənən və müstəqil siyasət yürüdən ölkədir. Yeni nəqliyyat layihələri, enerji təşəbbüsləri və beynəlxalq dəhlizlər Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Bütün dünyada qeyri-sabitliyin artdığı bir dövrdə Azərbaycan milli maraqlara əsaslanan xarici siyasət yürüdür və xarici təzyiqlər qarşısında geri çəkilməyən dövlət kimi çıxış edir. Prezidentimizin vizyonu Azərbaycana regionun etibarlı və güclü mərkəzlərindən birinə çevirməkdir".
Mənbə
oxu.az
Oxşar Xəbərlər