Siyasət
Rizvan Nəbiyev: "Zəngəzur dəhlizi məsələsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır"
"Zəngəzur dəhlizi məsələsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır". Oxu.Az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. O bildirib ki, Şərqi Zəngəzurun azad olunması tarixi bir hadisədir və Zəngəzur dəhlizi məsələsi regionun gələcəyi baxımından mühüm strateji məna daşıyır: "Sözügedən məsələ təkcə bu günün deyil, 1920-ci ildən başlayan tarixi proseslərin davamıdır. Bununla bağlı müxtəlif sənədlər, protokollar və hüquqi əsaslar mövcuddur. Ermənistan tərəfindən uzun illər bu məsələlərin manipulyasiya edilməsinə cəhd göstərilib. Xüsusilə regionda yaranmış yeni siyasi vəziyyət fonunda Azərbaycan artıq öz mövqeyini açıq və qəti şəkildə ortaya qoyub. Bu gün Azərbaycanın həyata keçirdiyi siyasətin əsas məqsədi bölgədə dayanıqlı sülhün təmin edilməsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əgər Azərbaycan istəməsəydi, bölgədə sülh prosesi mümkün olmazdı. Bu, olduqca mühüm mesajdır. Azərbaycan yalnız hərbi gücə deyil, eyni zamanda siyasi və diplomatik vasitələrə də üstünlük verir. Prezidentin bəyan etdiyi ultimatumlar təsadüfi deyil: bunlar həm tarixi, həm də strateji mesajlardır. Məqsəd Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin tam təmin olunmasıdır". Deputat əlavə edib ki, postmüharibə dövründə mina təhlükəsi məsələsi çox ciddi problemdir: "Laçın və Kəlbəcər bölgələrində yerləşdirilmiş minalar insanların həyatına təhlükə yaradır və bölgənin bərpasını ləngidir. Bu məsələdə də Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışır". Onun sözlərinə görə digər mühüm məqam isə bəzi xarici qüvvələrin regionda təsir imkanlarını artırmaq cəhdləridir: "Xüsusilə Fransanın Ermənistan üzərindən yeni geosiyasi təsir imkanları əldə etməyə çalışdığı açıq şəkildə görünür. Silahlandırma prosesləri və siyasi bəyanatlar bunu təsdiqləyir. Azərbaycan isə regionda yeni reallıqlar yaradıb. Bunlar əməkdaşlıq, kommunikasiyaların açılması və birgə inkişaf prinsiplərinə əsaslanır. Ermənistan üçün də bu gün tarixi bir fürsət yaranıb. Əgər bundan düzgün istifadə olunmasa, regionda yaranmış yeni vəziyyət Ermənistan üçün daha ağır nəticələr doğura bilər. Bu gün bölgədə formalaşan yeni siyasi mühit əməkdaşlıq və inteqrasiya imkanları yaradır. Azərbaycanın təşəbbüsü olan layihələr həm regionun inkişafına, həm də Avropa ilə əlaqələrin güclənməsinə xidmət edir. Məsələn, rəsmi Bakı artıq İtaliya, Latviya, Ukrayna və digər ölkələrlə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin artdığını göstərir. Azərbaycanın məqsədi bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Bunun üçün həm siyasi, həm diplomatik, həm də iqtisadi vasitələrdən istifadə olunur. Bu siyasət regionun gələcəyini müəyyən edən əsas amillərdən biridir".
Mənbə
oxu.az
Oxşar Xəbərlər