Siyasət

Solovyovdan növbəti betərin betəri və Zaxarovaya çətin sual...

12 May 2026, 14:42 1 baxış
Solovyovdan növbəti betərin betəri və Zaxarovaya çətin sual...
Azərbaycanın hər ötən gün artan qüdrəti, regionda yaratdığı yeni reallıqlar və Cənubi Qafqazda hazırda hökm sürən şərait, şübhəsiz ki, bəzi dairələrdə qıcıq yaratmaya bilməzdi. Təbii ki, biz bu "bəzi dairələri" çoxdan tanıyırıq. Sifarişli, məqsədli, tapşırıqla iş görən, gördüyü işi maksimum iyrənclik, böhtan və qarayaxma ilə bəzəyən, tarixi saxtalaşdırmaqdan çəkinməyən, cinayətlərə haqq qazandıran, məqsədə çatmaq üçün bütün pisliklərə əl atan, riyakarlıq dedikdə ilk ağla gələn dairələr... Elə bu dairələrin ən "nümunəvi" əlaltısı, təbliğat maşınının ən riyakar nümayəndələrindən biri -rusiyalı "jurnalist" Vladimir Solovyov da bizə çoxdan tanışdır. Qələmini, əqidəsini, həyatının amalını təbliğat maşınının əlaltısı olmağa qurban vermiş bu "jurnalist" Cənubi Qafqazın illər sonra qovuşduğu dincliyə hələ də qovuşa bilmir. Sifarişlə nəfəs alan bu riyakar qələm sahibi fürsət tapan kimi gedən karvanın arxasınca bağırmağa, çığırmağa, quyruğunu bulamağa davam edir. Ancaq insafən deyək ki, hər dəfə "bundan betərini edə bilməz" dedikcə, adam daha betərini etməyi bacarır. Bu mənada Vladimir Solovyovun ən yaxşı keyfiyyətinin sahibinə, qabağına atılan sümüyə sadiqlik olduğunu vurğulamaq lazımdır. Haqqı nahaqdan ayıra bilməsə də, Solovyov təbliğat maşınının sifarişlərini haqqı ilə yerinə yetirir. Efiri hər zaman iyrənc ideyalarını bölüşmək, izləyiciləri manipulyasiya etmək, riyakarlıqdan üzü qızarmadan ağızdolusu böhtan atmaq üçün istifadə edən bu şəxs yenə öz ampluasında qalır. Özü də bu dəfə Rusiyanın "Rossiya 1" telekanalında, dövlət televiziyasında... Demək, Solovyov növbəti şousunda ətrafına bir qrup "həmkar"ını toplayıb Qarabağın tarixi barədə sərsəm fikirlər səsləndirib. Yatıb gördüyü yuxunu cəmiyyətə həqiqət kimi sırımaq potensialında olan bu riyakarlıq ustası Gəncəsər monastırı ilə bağlı hərarətlə danışır və iddia edir ki, belə bir məbədin varlığı özlüyündə ermənilərin tarixindən xəbər verir. Təbii ki, həqiqətlə tərs mütənasib həyat sürən bu satılmış qələm üçün hansısa tarixi faktı saxtalaşdırmaq, böhtan atmaq, qara yaxmaq heç də çətin bir iş deyil və çıxış etdiyi efirdə sözünü kəsib ağzının üstündən həqiqət şilləsini vuracaq biri də yoxdur. Odur ki, Solovyov həmişəki kimi gözlərini həqiqətə yumub açıb ağzını... Aldığı nəfəs qədər yalana bulanmış bu şəxsin iyrənc mahiyyəti, çıxışı, aldığı tapşırıq bununla da bitmir ki... Rusiyanın dövlət kanalında çıxış edən, moizə oxuyan Solovyov düşünəsən, onun bu qədər riyakarlıqla kifayətlənəcəyinə inanasan... Olmaz axı... Olmur da... Solovyov bir qədər də irəli gedərək açıq-aşkar dövlət televiziyasının tribunasından əliqanlı uşaq qatilini qəhrəmanlaşdıracaq qədər alçalmağı da bacarır. Qarabağda saysız qətllər törətmiş, uşaq, qadın, yaşlı, gənc demədən azərbaycanlıların canına qəsd edən, ASALA terrorçusu kimi türk diplomatlara dünyanın müxtəlif yerlərində sui-qəsd təşkil edən Monte Melkonyanı "Qarabağ müharibəsinin qəhrəmanı" adlandırır. Solovyov bunu bacarır, çünki bu cür əlaltılar, təbliğat maşınının tapşırıqlarını şəksiz yerinə yetirən kuklalar üçün yalan danışmaq, haqq tapdalamaq, abır-həyanı bir kənara qoyub ləyaqətini dəfələrlə satmaq olduqca sadədir. Solovyovun mahiyyəti elə bundan ibarətdir: satılmış qələm, satılmış əqidə, satılmış bir ömür. Özünü satan insanın həyatda hər şeyi sata biləcəyi həqiqətdir və bu həqiqət Solovyovun həyatında olan, bəlkə də, yeganə həqiqət sayılmalıdır. Nə etmək olar, Solovyov da belədir, xaltası bir balaca boşalan kimi səs-küy salır, sahibindən sümük alan kimi azğınlaşır. Əvvəldə də dedik axı, bu dairələr, onların missiyası, mahiyyəti bizə çoxdan tanışdır. Solovyovun şəxsinə "mədhiyyə" burada qalsın, keçək başqa bir məsələyə. Solovyova tribuna verən Rusiyanın dövlət televiziyasına. Rusiyanın dövlət televiziyasında Vladimir Solovyov bu cür riyakar təbliğata əl atır, tarixi saxtalaşdırır, Azərbaycan tarixinə hörmətsizlik edir, sırf ölənlər azərbaycanlı olduğu üçünmü terrorçunu qəhrəman elan edir? Bəs Rusiya mətbuatında hər birimizə gün kimi aydın olan "azad" mühit fonunda Solovyov bunu özbaşınamı edir? Ona bu tapşırığı verən kimdir, göz yuman kimdir, etdiyi iyrəncliyə görə cəzalandırmayan kimdir? Bəlkə, bu sualı, elə rəsmi Moskvaya ünvanlamaq lazımdır? Rusiya XİN-in sözçüsü Mariya Zaxarovadan bu "jurnalist"in xaltasının kimin əlində olduğunu öyrənmək lazımdır? Çünki hələ yanvar ayında Solovyovun növbəti sərsəm bəyanatları barədə sualı cavablandıran Zaxarova onun özəl kanalda ("YouTube" nəzərdə tutur) çıxış etdiyini əsas gətirərək sualdan diplomatik məharətlə yayınmışdı. Bu gün isə həmin Solovyov dövlət televiziyasının tribunasından təbliğat maşınına xidmət edib, sifarişli nitqini dövlətin resurslarından istifadə edərək ictimaiyyətə sırımağa çalışıb. Solovyova söz yox, işini layiqincə yerinə yetirir, riyakarlıqda, saxtakarlıqda sərhəd tanımır, odur ki, Zaxarovanın işi olduqca çətindir. Cavab verilməli suallar, şərh edilməli olan məqamlar, bütün bunların fonunda isə sərhəd tanımayan bir Solovyov riyakarlığı var. Hər halda, XİN sözçüsünün cavabı onun diplomatiya məharətinin də sərhədlərini cızmağa imkan verə bilər. Kanal özəl olanda biz bu məharəti görmüşdük, indi isə dövlət televiziyasındakı tamaşaya cavab vermək lazımdır...
Mənbə oxu.az

Oxşar Xəbərlər