Cəmiyyət

Yenilənən İslam Səfərli küçəsindən FOTOLAR

02 May 2026, 15:18 1 baxış
Yenilənən İslam Səfərli küçəsindən FOTOLAR
Dünən Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı olub. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub. Oxu.Az xəbər verir ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla, İslam Səfərli küçəsi boyunca Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. İslam Səfərli küçəsi ilə kəsişən 8 küçədə, eyni zamanda, Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər olan hissədə abadlıq işləri yerinə yetirilib. Abadlaşdırılan küçələrin ümumi uzunluğu 1350 metrdir. Bu küçələrdə su və çirkab sularının axıdılması xətləri tamamilə yenilənib, qaz xətləri yeraltı sistemlə əvəzlənib. Bundan başqa, küçələrdə yerləşən müxtəlif təyinatlı binalarda yenidənqurma və bərpa işləri görülüb, sakinlərin və şəhərimizin qonaqlarının istirahəti üçün lazımi şərait yaradılıb, oturacaqlar qoyulub, geniş yaşıllaşdırma işləri həyata keçirilib. Layihənin icrası piyadalar üçün Fəvvarələr meydanından birbaşa Qış parkına çıxış imkanı yaradır. Burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidələri də mövcuddur. Bu isə ərazinin istər yerli sakinlər, istərsə də qonaqlar üçün cəlbediciliyini daha da artırır. Avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi ərazidəki mağaza, kafe və restoranların fəaliyyətinə müsbət təsir edəcək, kiçik bizneslər üçün yeni imkanlar yaradacaq. Qeyd edək ki, bu gün paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının sosial infrastrukturunun müasirləşdirilməsi, sakinlərin və şəhərə gələn qonaqların rahatlığının təmin edilməsi istiqamətində indiyədək ardıcıl tədbirlər görülüb və bu layihələr hazırda da davam etdirilir. Təsadüfi deyil ki, paytaxtımıza gələn qonaqlar şəhərin gözəlliyinə, təmizliyinə valeh olduqlarını həmişə vurğulayırlar. Bakıda müasir şəhərsalma tendensiyalarına uyğun atılan addımların tərkib hissəsi olan mikromobillik həllərinin uğurla icrası, avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi həm sakinlərin, həm də turistlərin rahatlığına xidmət edir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər