Siyasət

Siyavuş Novruzov: "Konvensiyaya qoşulsaq, xaricə aliment ödəyənlərin çoxu azərbaycanlılar olacaq"

01 May 2026, 13:34 1 baxış
Siyavuş Novruzov: "Konvensiyaya qoşulsaq, xaricə aliment ödəyənlərin çoxu azərbaycanlılar olacaq"
"Bu konvensiyaya qoşulduqdan sonra aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlılar olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaqlar gəlib. Bir neçə ildən sonra isə köçüb vətənə qayıdıblar". Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsində deyib. O bildirib ki, sazişin qəbul olunmasından sonra məhkəmə qaydasında uşaqların saxlanılması üçün aliment tələb olunanda, bu vəsait ödənməlidir: "Fikirləşirik ki, gələcəkdə ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin qurumun vəsaitlərinin böyük əksəriyyəti onlara (xaricdəki uşaqlar - red.) gedəcək. Bu baxımdan mən hesab edirəm ki, burada hansısa forma düşünməliyik. Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik". Sözügedən konvensiyada nəzərdə tutulur ki, cavabdehin digər razılığa gələn tərəfin ərazisində olduğuna kifayət qədər əsas olduqda və məhkəmə tərəfindən onun axtarışının elan edilməsi haqqında qərardad çıxarıldığı halda razılığa gələn tərəflər alimentlərin alınması haqqında işlər üzrə cavabdehin axtarışında bir-birinə yardım göstərirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər