Siyasət

Deputat: "Azərbaycanın dinc ermənilərlə bağlı problemi yoxdur və olmayıb da"

01 May 2026, 11:35 1 baxış
Deputat: "Azərbaycanın dinc ermənilərlə bağlı problemi yoxdur və olmayıb da"
"Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaq söz yığını heç bir formada hüquqi sənəd adlana bilməz". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Avropa Parlamentinin Azərbaycana qarşı bəyanatı haqqında danışarkən deyib. O bildirib ki, AP BMT Nizamnaməsinə, 1970-ci il Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannaməyə, Helsinki Yekun Aktının maddələrinə, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq sazişlərinə və beynəlxalq müqavilələr hüququna daban-dabana zidd mövqe ortaya qoyur: "​İki il yarımdan çoxdur ki, Azərbaycan-Ermənistan sərhədində atəş səsi gəlmir, de-fakto sülhdür. Siz hansı sabitlik pozuntusundan danışırsınız? Bu bölgədə sabitliyi pozmağa cəhd edən bir tərəf varsa, o da fiaskoya məhkum səyləri ilə Avropa Parlamenti və əlaqəli qurumlardır. ​Paşinyan öz dili ilə Qarabağ gündəmindən imtina etdiyi bir şəraitdə Avroparlament "Dağlıq Qarabağ ermənilərinin maneəsiz və ləyaqətli şəkildə geri qayıtması" barədə çağırış edir. Birincisi, dünyada "Dağlıq Qarabağ" adlı subyekt yoxdur. ​İkincisi, Azərbaycanın Qarabağda dinc və qanuni əsaslarla yaşamış ermənilərlə bağlı problemi yoxdur və olmayıb da. Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və respublika ərazisindən kənara gedə bilər. Bizdə Qərbi və Şərqi Zəngəzurdan, o cümlədən Qarabağdan olan soydaşlarımızın qovularkən məruz qaldığı zorakılıqların tam əksinə olaraq, ölkədən getmək istəyən erməniəsilli sakinlərin təhlükəsizliyini təmin etmişik və reinteqrasiyaya hazır olduğumuzu bildirərək onların ləyaqətli köçünə imkan yaratmışıq". Deputat xatırladıb ki, qətnamədə "mədəni irsin məhv edilməsi" ilə bağlı iddialar irəli sürülür: "30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda daş üstündə daş qalmamışdı. Azərbaycanın mədəni və dini irsi sistematik şəkildə dağıdılıb, talan və ya təhqir edilirdi. O zaman harada idi Avropa Parlamenti? ​Aydındır ki, bunları nə Ermənistan maraqlandırır, nə insan hüquqları, nə də mədəni irs. Bunların qayğısı Cənubi Qafqazda itirilmiş təsir imkanlarını bərpa etməklə bağlıdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər