Siyasət

"Siyasi dələduzların qazanc yeri əldən çıxır" - Qalmaqallı VİDEOYA Azərbaycandan REAKSİYA

30 Apr 2026, 14:44 1 baxış
"Siyasi dələduzların qazanc yeri əldən çıxır" - Qalmaqallı VİDEOYA Azərbaycandan REAKSİYA
"Əslində, Luis Okamponun oğlu Tomasla söhbətində dilə gətirdiyi faktların heç biri bizim üçün yeni deyil. Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində və postişğal dövründə Luis Okampo kimi dələduzların ölkəmizə qarşı həyata keçirməyə çalışdıqları hibrid informasiya savaşının elementlərindən ibarət təxribat ssenarilərinin hansı korporativ, qruplararası və geosiyasi maraqlardan qaynaqlandığını çox yaxşı bilirik. İndiki halda Okamponun oğluna təlimatlarda yer alan faktlar isə bildiyimiz həqiqətlərin etirafı kimi qiymətləndirilə bilər".
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib. O bildirib ki, Okamponun özü kimi siyasi dələduz olan oğluna təlimatlarında nəzərə çarpan əsas məqamlardan biri Avropa Komissiyanın Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur edilməsi istiqamətində həyata keçirilməsi planlaşdırılan növbəti təxribat ssenarisi ilə bağlıdır:
"Bəlli olduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu ilk növbədə Aİ-nin enerji təhlükəsizliyi üçün, xüsusilə də enerji resurslarına çıxışın getdikcə daha da çətinləşdiyi bir dövrdə həyati əhəmiyyət kəsb edir. Okamponun etiraflarından belə anlaşılır ki, onun Avropa Parlamentindəki siyasi dələduz ortaqları üçün Avropa İttifaqının maraqlarının, həmçinin Aİ coğrafiyasında yaşayan insanların təhlükəsizliyinin heç bir əhəmiyyəti yoxdur. Onları düşündürən yalnız siyasi dələduzluq yolu ilə böyük pullar qazanmaqdır". Millət vəkili qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokurorunun siyasi əxlaqsızlığı və hüquqazidd əməlləri, eyni zamanda, dünyanın ədalət gözləməli olduğu bir beynəlxalq təsisatın nə qədər acınacaqlı durumda olduğunu da sübuta yetirir. Həmçinin onu da təsdiqləyir ki, beynəlxalq hüququn norma və prinsiplərinin əhəmiyyətsiz söz yığınına çevrilməsində Okampo, Borrel və digər bu kimi siyasi dələduz və korrupsionerlərin öz korporativ maraqları naminə formalaşdırdıqları ikili standart narrativləri də rol oynayıb: "Okampo və onunla eyni siyasi-hüquqi əxlaqsızlıq düşərgəsində təmsil olunan şəxslərin hazırkı məqamda Cənubi Qafqaz istiqamətində fəallıq nümayiş etdirmələrinin səbəblərindən biri də Birləşmiş Ştatların Yaxın Şərqdəki qarşıdurmada iştirakıdır. Okampo və Borrel kimi korrupsionerlər, fırıldaqçılar mövcud şəraitdən faydalanmağa, Vaşinqtonda paraflanmış sazişdən və imzalanan bəyanatdan qaynaqlanan prosesə zərbə vurmağa və bunu Brüssellə Vaşinqton arasında yaranmış ziddiyyətlərin tərkib hissəsi kimi həyata keçirdikləri görüntüsü ilə təqdim etməyə çalışırlar. Okampo kimi dələduzların fəallaşmalarının əsas səbəblərindən biri də son dövrlərdə Avropa İttifaqına üzv olan və Azərbaycanın əhəmiyyətini çox yaxşı anlayan ölkələrin liderlərinin Azərbaycana davamlı səfərləri, Avropa İttifaqı-Azərbaycan-Mərkəzi Asiya xəttində rəsmi Bakının önəmini vurğulayan məqamların getdikcə daha ön plana çıxmasıdır. Məlumdur ki, vaxtilə təzyiq dili ilə maraqlarını təmin etməyə çalışan, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində rüsvayçı uğursuzluğa düçar olan, Jan-Pyer Jönenin məşhur "Uğursuzlar" filminin personajlarının siyasi prototiplərini Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində daha realist siyasət yürüdən liderlərinin əldə etdikləri nəticələr qane etmir və Avropa İttifaqı çərçivəsində yerlə bir olmuş nüfuzlarını bərpa etmək üçün ən müxtəlif təxribatlara əl atmaq istəyirlər. Başqa bir mühüm məqam Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin getdikcə daha intensiv şəkildə irəliləməsi və yaranmış vəziyyətin uzun illər boyu Cənubi Qafqazdakı münaqişə vəziyyətindən öz maraqları üçün faydalanan Okampo və Borrel kimi siyasi dələduzların qazanc yerindən məhrum olmasıdır. Bu baxımdan, Okamponun oğlu ilə söhbətində etiraf etdiyi faktlardan daha çox Aİ-nin maraqlarını düşünən siyasətçilərin nəticə çıxarmalı olduqlarının vacibliyini düşünürəm". Xatırladaq ki, BMT Beynəlxalq Məhkəməsinin sabiq prokuroru Luis Okamponun oğlu Tomasa tövsiyə xarakterli videosu yayılıb. Videoda Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyi vurğulanır, eyni zamanda, Avropa strukturlarına təsir imkanlarından açıq şəkildə bəhs olunur. Okampo iddia edir ki, komandasında Avropa Parlamenti ilə əlaqələri olan şəxslər mövcuddur və bu vasitə ilə Avropa siyasətinə təsir göstərmək, müxtəlif məsələləri gündəmə çıxarmaq və təzyiq mexanizmlərini işə salmaq mümkündür.
"Siyasi dələduzların qazanc yeri əldən çıxır" - Qalmaqallı VİDEOYA Azərbaycandan REAKSİYA
Mənbə oxu.az

Oxşar Xəbərlər