Mədəniyyət

500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO

29 Apr 2026, 03:00 1 baxış
500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO
İzmirdə Egey dənizinin sahilində beynimdə bir-birini qovalayan müxtəlif fikirlərin əhatəsində asta-asta addımlayırdım. Hava isti olsa da, dənizdən xəfif külək gəlir, dalğaların səsi şəhərin ritminə əlavə rəng qatırdı. Elə həmin an gözüm ucu-bucağı olmayan bir qalaya və tikilinin girişində ucalan əzəmətli heykələ sataşdı: Sərt və yanında "kükrəməyə hazır aslan" olan bu heykəl Osmanlıda admiral və baş vəzir olan Cəzayirli Qazi Həsən Paşaya məxsus idi. Bəlkə də mənim kimi tarixin dərinliyinə baş vurmaq istəyən neçə nəfər bu əzəmətli surətin təsirinə düşüb, Həsən Paşanın baxışlarını sanki onu içəri dəvət edən ilk işarə kimi qəbul edərək qalaya tərəf addımlayıb. Fikirlərim bir-birini yola sala-sala yolumu qalaya tərəf saldım. Başımı qaldıranda qarşımda ucu-bucağı görünməyən, geniş və hündür divarları ilə göz oxşayan əzəmətli qala dayanmışdı. Daşların sükutunda isə qəribə bir ağırlıq vardı. Marağım məni kiçik bir araşdırmaya sövq etdi və bu qalanın sadəcə memarlıq nümunəsi olmadığını, həm də tarixin ən yaddaqalan hadisələrində bilavasitə iştirak etdiyini öyrəndim. 1508-ci ildə Osmanlı sultanı II Bəyazid tərəfindən inşa etdirilən bu istehkam Çeşmə dəniz döyüşü kimi tarixə həkk olunan hadisələrə şahidlik edib.
Qalaya yaxınlaşdım. İlk baxışda sakit görünən bu məkanın daxilində fərqli bir enerji var idi. Bu gün həm də muzey kimi fəaliyyət göstərən qəsr, əslində sanki səni əlindən tutub öz ağuşuna, ruhunun dərinliyinə çəkir. Divarların arasından keçdikcə sanki görünməz bir sərhədi aşdım. Elə bil mistik bir filmdəki kimi, başqa bir zamandan digər bir dövrə, daha dəqiq desək həmin ana qədəm qoydum. Addımlarım artıq bu günə yox, keçmişə aid idi. Beləliklə, mənim Çeşmə qalası ilə tanışlığım başladı…
Çeşmə qalası 1508-ci ildə Osmanlı sultanı II Bəyazidin dövründə dənizdən gələn hücumlara qarşı müdafiə məqsədilə tikilib. Egey sahilində yerləşən qala həm strateji mövqeyi, həm də möhkəm memarlıq üslubu ilə diqqət çəkir. Dəniz səviyyəsindən təxminən 40 metrə qədər yüksəklikdə yerləşən bu qala əsrlər boyu sahili qoruyan bir qalxan olub. Tarixin ən dramatik səhifələrindən biri isə 1770-ci ildə baş verən Çeşmə dəniz döyüşüdür. Osmanlı və Rusiya imperiyalarına məxsus donanmaların qarşılaşdığı bu döyüşdə qala həmin böyük müharibənin canlı şahidinə, daha dəqiq desəm iştirakçısına çevrilib. Gecə boyunca yanan gəmilər, alovlanan dəniz və tarixə yazılan bir faciə... Bu gün isə Çeşmə qalası keçmişin izlərini daşıyan sakit bir abidədir.
Qalanın yerləşdiyi mövqe də təsadüfi deyil. Dəniz səviyyəsindən çox da uzaq olmayan bu istehkam həm limanı nəzarətdə saxlamağa, həm də mümkün hücumlara qarşı dərhal reaksiya verməyə imkan verib. Qalın divarlar, qüllələr və dar keçidlərin hamısı bir məqsədə xidmət edib: bir imperiyanın sərhəddəki gözü, dənizə açılan sipəri. 1770-ci ildə baş verən Çeşmə dəniz döyüşü bu bünövrənin tarixində ən dramatik səhifələrdən biridir. Osmanlı donanması ilə Rusiya donanmasının qarşılaşdığı bu döyüşdə Egey dənizi alovlara bürünüb. Gecənin qaranlığında yanan gəmilər, suda əks olunan alov və ağır itkilər - bütün bunlara şahid olan qala divarlarına toxunanda sanki o gecənin istiliyinin hələ də qaldığını hiss etmək mümkündür. Çeşmə dəniz döyüşü 1770-ci ilin iyulunda Egey dənizində, Çeşmə körfəzi yaxınlığında baş verən bu döyüş 1768-1774 Osmanlı-Rusiya müharibəsinin ən həlledici mərhələlərindən biri oldu. Döyüşün ən dramatik qarşıdurmalarından biri Osmanlı donanmasının "Burc-u Zəfər" gəmisi ilə rusların "Müqəddəs Yevstafi" gəmisinin toqquşması oldu. Şiddətli döyüş nəticəsində hər iki gəmi alovlanaraq partlayır və batır. Döyüşdən sonra Rusiya donanması bölgədə üstünlük qazanır və müharibənin gedişinə ciddi təsir göstərir. Münaqişə nəhayət Kiçik Qaynarca müqaviləsi ilə başa çatır. Bu döyüşdə ruslara ən böyük zərbələrdən birini isə qalanın girişində heykəli ucalan Cəzayirli Qazi Həsən Paşa vurur. Döyüşün ilk günü Osmanlı donanmasının sol cinahında onun komandanlığı altında olan "Burc-u Zəfər" adlı üçgöyərtəli gəmi ilə rus donanmasının kapitan-admiralı Qriqori Spiridovun rəhbərlik etdiyi "Müqəddəs Yevstafi" gəmisi arasında şiddətli döyüş başlayır. "Burc-u Zəfər" üzərinə doğru irəliləyən rus gəmisini güclü top atəşinə tutaraq onun bütün yelkən və dirəklərini sıradan çıxarır. Atılan mərmilərdən biri "Müqəddəs Yevstafi"yə ciddi xəsarət yetirir. Nəzarəti itirən Rusiya gəmisi axının təsiri ilə Osmanlı gəmisinə çırpılır və iki gəmi bir-birinə yaxınlaşır. Fürsətdən istifadə edən Həsən Paşa 30 nəfərlik dəstə ilə dərhal düşmən gəmisinə keçərək əlbəyaxa döyüşə başlayır. Lakin yaralandığı üçün geri çəkilməyə məcbur olur. Elə bu vaxt rus gəmisinin sursat anbarında yanğın baş verir. Alov qısa müddətdə Osmanlı gəmisinə də keçir və nəticədə hər iki gəmi yanaraq partlayır və batır. Gəmisini itirən yaralı Həsən Paşa özünü dənizə ataraq sahilə çıxmağa müvəffəq olur. Lakin Rusiya donanmasına da ciddi itki yaşadılır. Yəqin ki, elə buna görə Həsən Paşa hələ də qalanın girişində dayanıb əzəmətli görünüşü ilə insanları qəhrəmanlığı ilə tanış etmək üçün qalaya dəvət edir.
Burada ən mühüm məqamlardan biri isə qalanın bu günə qədər demək olar ki, orijinal formasını qoruyub saxlamasıdır. Bərpa işləri aparılsa da, ruhuna toxunulmayıb. Bu isə nadir haldır, çünki yüz illərlə yaşı olan bir çox abidə ya dağılıb, ya da tanınmaz hala salınıb. Burada isə tarix yenidən qurulmayıb, sadəcə qorunub. Bu baxımdan, bu gün Çeşmə qalası həm muzey, həm də panoramik baxış nöqtəsi kimi fəaliyyət göstərir. Yuxarı qalxdıqca qarşında açılan mənzərə - Egey dənizi, liman, ağ evlər və mavi səma sanki keçmişlə bu gün arasında körpü yaradır. Qalanın tarixi ilə digər bir maraqlı məqam isə budur ki, dördbürclü şəkildə inşa edilən bu qala ilk tikildiyi dövrdə dəniz kənarında yerləşib, lakin sonradan dənizin doldurulması (sahilə yaxın olan dəniz hissəsinin torpaq, qum, daş və ya digər materiallarla süni şəkildə doldurularaq quruyub quru əraziyə çevrilməsi) nəticəsində bu gün dənizdən uzaqda qalıb. Sonradan bərpa edilən qalanın daxilində hazırda Çeşmə Arxeologiya Muzeyi fəaliyyət göstərir. Muzeydə sərgilənən eksponatlar arasında Roma, Bizans və Anadolunun ilk dövrlərinə aid artefaktlar xüsusi yer tutur. Qədim amforalar, daş heykəl qalıqları, gündəlik istifadə əşyaları və dənizçiliklə bağlı tapıntılar burada ziyarətçilərə nümayiş etdirilir. Bu eksponatlar bizə təkcə keçmişin necə göründüyünü yox, necə yaşandığını da göstərir. Bir vaxtlar bu sahillərdə yaşayan insanların izləri, indi qalanın divarları arasında qorunur. Yəni, Çeşmə dəniz döyüşü ilə yadda qalan bu qala bir tərəfdən müharibənin şahidi, digər tərəfdən isə sivilizasiyaların daşıyıcısıdır. Təsəvvür edin, eyni məkan həm dağıdıcı müharibələr görüb, həm də tarixi minilliklərə dayanan insan həyatının incə izlərini qoruyub saxlayıb. Qalanın bu günə qədər orijinal formasını böyük ölçüdə saxlaması, onun muzey kimi dəyərini daha da artırıb.
Çeşmə qalası ilk baxışda sadəcə bir istehkam təsiri bağışlasa da, onun daxilinə baş vurduqca aydın olur ki, bu qala mərtəbə-mərtəbə düşünülmüş bir hərbi mexanizmdir. Burada sadəcə boş məkanlar yox, adlandırılmış hissələr, qüllələr və bölmələr var. Hər qat, hər keçid, hər qüllə konkret məqsədə xidmət edib. Bu hissələrin sonradan verilən adları da təsadüfi deyil, onlar Osmanlı dənizçilik tarixinin simvolik yaddaşıdır. Məsələn, qalanın aşağı qatı birbaşa dənizlə əlaqəli olub və müdafiənin əsasını təşkil edib. Burada sursat anbarları, ərzaq ehtiyatları və əsgərlərin ilkin yerləşim məkanları olub. Düşmən hücumu zamanı ilk zərbə bu qatın üzərinə düşüb. Divarların qalınlığı və dar keçidlər düşmənin içəri sızmasını çətinləşdirib. Bu səviyyə strateji baxımdan müqavimət zonası olub. Orta qat isə idarəetmə və nəzarət, yəni həm hərbi idarəetmə, həm də müşahidə baxımından ən kritik hissə olub. Buradan həm liman, həm də şəhər nəzarətdə saxlanılıb. Yuxarı qat isə son müdafiə xətti və müşahidə nöqtəsi kimi əhəmiyyət kəsb edib. Buradan düşmənin hərəkətləri kilometrlərlə uzaqdan görünüb, eyni zamanda, hücum zamanı oxçular və toplar üçün ən əlverişli mövqe olub. Qalanın bəzi hissələri isə sonradan simvolik olaraq II Bəyazid, Barbaros Xeyrəddin Paşa, Çaka Bəy və Umru bəy kimi adlarla anılmağa başlayıb. Bu da təsadüfi olmayıb, daha çox siyasi-hərbi rəhbərlərin və ya döyüşdə fərqlənmiş şəxslərin xatirəsini yaşatmaq məqsədi daşıyıb. Bütün bunlar da Osmanlı hərbi-siyasi düşüncəsinin əsasını təşkil edib.
Nəhayət, ziyarətimi yekunlaşdırıb geri qayıdıram. Bir zamanlar alovlanan, Çeşmə dəniz döyüşünün qara tüstüsünü göyə qaldıran dəniz indi səssiz-səmirsiz dayanır, həyat əvvəlki ritmində davam edirdi. İnsanlar, səs-küy, xəfif külək və Günəş… hər şey əvvəlki kimi yerində idi. Bircə mənim əhval-ruhiyyəm dəyişmişdi. Çünki bəzi səfərlər yola çıxanda yox, yol bitəndə, təəssüratlar dəyişəndə başlayır.






500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO 500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər