İdman

Dünya çempionatına 46 gün qaldı: CƏNUBİ KOREYA - "Tequk döyüşçüləri" - VİDEO

26 Apr 2026, 09:00 1 baxış
Dünya çempionatına 46 gün qaldı: CƏNUBİ KOREYA - "Tequk döyüşçüləri" - VİDEO
Artıq ardıcıl 11-ci dəfə mundiala vəsiqə qazanan Cənubi Koreya 2002-ci ildəki yarımfinal uğurunu təkrarlamaq və ya ən azından pley-offda daha irəli getmək arzusundadır. 48 ölkənin iştirak edəcəyi 2026-cı il dünya çempionatı Cənubi Koreya üçün 12-ci, 1986-cı ildən bəri isə ardıcıl 11-ci iştirak olacaq. Cənubi Koreya millisi ("Tequk döyüşçüləri") Asiya futbolunun ən köklü və iddialı komandalarından biridir. 2026-cı il dünya çempionatında A qrupunda yer alan bu komanda, texniki oyunu və yüksək intizamı ilə seçilir. Son illərdə Avropanın böyük klublarında çıxış edən ulduzları ilə bu komanda hər kəs üçün təhlükəli rəqibdir. Oxu.Az Cənubi Koreya futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır. Komandaya hazırda karyerası ərzində turniri həm oyunçu, həm köməkçi məşqçi, həm də baş məşqçi kimi təcrübədən keçirmiş Xon Myo Bo rəhbərlik edir. Xon 2024-cü ilin iyulunda Yurgen Klinsmanı əvəzləyərək milli komandaya qayıtdı və on ildən sonra baş məşqçi kimi geri dönüşünü rəsmiləşdirdi. Məşqçi kimi o, Cənubi Koreyanı 2009-cu ildə U-20 dünya çempionatının 1/4 finalına, 2012-ci ildə London Olimpiya Oyunlarında tarixi bürünc medala və daha sonra qrup mərhələsində mübarizəni dayandırsalar da, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına daşımışdı.
Cənubi Koreyanın ilk dünya çempionatı Cənubi Koreya qeyri-adi şəraitdə İsveçrədə keçirilən 1954-cü il dünya çempionatında debüt edib. O vaxt Koreya müharibəsindən bir ildən az vaxt keçmişdi və Cənubi Koreya ağır iqtisadi vəziyyətdə idi. Təyyarədə bütün oyunçular üçün kifayət qədər yer yox idi, buna görə də bəziləri ABŞ hərbi nəqliyyat təyyarələrində ayrı-ayrılıqda uçaraq 60 saatlıq yorucu səyahətdən sonra çempionata qoşula bilmişdilər. Gələcək finalçı Macarıstana qarşı ilk matçda Cənubi Koreya 9:0 hesablı sarsıdıcı məğlubiyyət almış və yorğunluq, qıcolmalar səbəbindən matçı cəmi yeddi oyunçu ilə başa vurmuşdu. Türkiyəyə qarşı 7:0 hesablı ikinci ağır məğlubiyyət onların turnirdəki çıxışına son qoymuşdu.
Cənubi Koreyanın sonuncu dünya çempionatı Qətərdə keçirilən 2022-ci il dünya çempionatında Cənubi Koreya 2002-ci ilin mundialında onlara rəqib olmuş portuqaliyalı sabiq yarımmüdafiəçi Paulo Bentonu baş məşqçi təyin etmişdi. Onlar turnirə Uruqvayla 0:0 hesablı heç-heçə ilə başlamışdılar, Qanaya 3:2 hesabı ilə uduzmuş, lakin sonuncu qrup matçında Portuqaliya üzərində 2:1 hesablı əzmkar qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin etmişdilər. Lakin onların yürüşü məhz burada başa çatmışdı, çünki güclü Braziliyaya 4:1 hesabı ilə məğlub olmuşdular.

Cənubi Koreyanın ən yaxşı dünya çempionatı Cənubi Koreyanın dünya çempionatlarında ən parlaq anı komandanın yarımfinala yüksəldiyi 2002-ci ildə öz doğma divarları arasında keçirilən turnirə təsadüf edir. Öz azarkeşləri önündə açılış matçında Polşaya qarşı 2:0 hesablı qələbədən sonra onlar ABŞ ilə 1:1 hesablı bərabərə qalmış və Portuqaliyanı 1:0 məğlub edərək 1/8 finala yüksəlmişdilər. 1/8 finalda An Con Van birinci hissədə penaltini dəqiq yerinə yetirə bilməsə də, Cənubi Koreya əlavə vaxtda İtaliyaya qarşı qızıl qolla 2:1 hesablı qələbə qazanmışdı. Cənubi Koreya daha sonra dörddəbir finalda İspaniyanı penaltilərdə məğlub etmiş və yarımfinalda Almaniyaya 1:0 hesabı ilə məğlub olmuşdu. Üçüncü yer uğrunda matçda Türkiyəyə 3:2 hesabı ilə məğlub olmaqla tarixi bir dördüncü yeri təmin etmişdi.
Cənubi Koreya 2026-cı ilin dünya çempionatına necə vəsiqə qazanıb Qətərdə keçirilən 2022-ci il dünya çempionatından sonra baş məşqçi postunda iki dəfə dəyişiklik olmasına baxmayaraq, Cənubi Koreya Asiya seçmə mərhələsini məğlubiyyətsiz keçib. İkinci mərhələdə onlar Çin, Tailand və Sinqapurla eyni qrupda yer alıblar və Tailandla yeganə 1:1 hesablı bərabərlik istisna olmaqla, bütün matçlarda qalib gəliblər. Final mərhələsində Cənubi Koreya B Qrupunda İordaniya, İraq, Oman, Fələstin və Küveytlə qarşılaşıb. Altı qələbə və dörd heç-heçə ilə onlar qrupu birinci yerdə tamamlayaraq turnirə vəsiqəni təmin ediblər. Cənubi Koreya Asiyada məğlubiyyətsiz vəsiqə qazanan yeganə komanda olub.
DÇ-2026-da Cənubi Koreyanın oyun cədvəli (Bakı vaxtı ilə) Cənubi Koreya DÇ-2026-da A qrupunda Meksika, Cənubi Afrika və Çexiya millilərinə qarşı mübarizə aparacaq. A qrupu: 12 iyun, 06:00, Cənubi Koreya - Çexiya (Quadalaxara stadionu); 19 iyun, 05:00, Meksika - Cənubi Koreya (Quadalaxara stadionu); 25 iyun, 05:00, Cənubi Afrika - Cənubi Koreya (Monterrey).
Cənubi Koreyanın dünya çempionatlarındakı ən məhsuldar oyunçuları Cənubi Koreyanın dünya çempionatı səhnəsində ən yaxşı bombardirləri hərəyə üç qol vuran An Con Van və Son Hın Mindir. An Con Van 2002-ci ildə ABŞ-yə qarşı həlledici son dəqiqə bərabərlik qolu və 1/8 finalda İtaliyanı sarsıdan qızıl qolla tarixə düşüb, daha sonra 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında Toqoya qarşı 2:1 hesablı qələbəni təmin edən ikinci hissədəki həlledici qolu vurub.
Son Hın Min, dünya çempionatlarındakı qol hesabını 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Əlcəzairə qarşı 4:2 hesablı məğlubiyyətdə təsəlliverici qolla açıb. Rusiyada keçirilən 2018-ci il dünya çempionatında Meksikaya qarşı uzaq məsafədən möhtəşəm zərbə ilə fərqlənib. Daha sonra o, eyni turnirdə Kim Yonq Qvonun açılış qolundan dərhal sonra final fitinə az qalmış fərqlənərək, Cənubi Koreyanın son çempion Almaniya üzərindəki unudulmaz 2:0 hesablı qələbəsini rəsmiləşdirib.
Cənubi Koreyanın dünya çempionatlarında ən çox oyun keçirən oyunçusu DÇ turnirlərində Cənubi Koreya forması ilə 1990-2002-ci illər arasında dörd turnirdə 16 matç keçirən hazırkı baş məşqçi Xon Myo Bo liderdir. O, 2002-ci ilin tarixi heyətində kapitan kimi xüsusilə mühüm rol oynayıb. Onu 14 oyunla Park Ji Son, 12 oyunla Li Yan Po, hərəyə 11 oyunla Li Unce və Kim Nam İl izləyirlər. Artıq dünya çempionatında on dəfə iştirak etmiş Son Cənubi Koreyanın 2026-cı ildəki irəliləyişindən asılı olaraq Xon Myo Bonun uzunmüddətli rekordunu qıra bilər.
Cənubi Koreyanın ən böyük dünya çempionatı qələbələri Cənubi Koreyanın dünya çempionatlarındakı ən böyük qələbələri hamısı iki top fərqi ilə əldə edilib. İlki 2002-ci ildə Polşa üzərində, ardınca isə 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında Yunanıstana qarşı olub. Bəlkə də ən məşhuru, 2018-də Cənubi Koreya turnirinin ən böyük şoklarından birini reallaşdıraraq son çempion Almaniyanı 2:0 hesabı ilə məğlub etməsi idi.

Cənubi Koreya millisi hər zaman olduğu kimi, 2026-cı ildə də meydanda son saniyəyədək mübarizə aparacaq. Onların intizamlı oyunu və ulduz futbolçuları Meksika stadionlarında "Tequk döyüşçüləri"nin adını yenidən yüksəklərə qaldıra bilər. Görəsən, Cənubi Koreyanı 2002-ci ildəki o tarixi yarımfinal həyəcanına bənzər bir möcüzə gözləyirmi?
Dünya çempionatına 46 gün qaldı: CƏNUBİ KOREYA - "Tequk döyüşçüləri" - VİDEO Dünya çempionatına 46 gün qaldı: CƏNUBİ KOREYA - "Tequk döyüşçüləri" - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər