İdman
İtaliya futbolunda VAR qalmaqalı: Prokurorluq araşdırmaya başladı
İtaliya prokurorluğu Canluka Rokkinin VAR hakimlərinə təzyiq göstərməsi və mümkün idman saxtakarlığı ilə bağlı araşdırmaya başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İstintaq son iki mövsümdə baş verən mübahisəli epizodlardan sonra başlanıb. Xüsusilə, 2025-ci ilin martında "Udineze" - "Parma" oyununda VAR otağından yayılan görüntülər diqqət çəkib. Həmin epizodda videohakimin kənardan məsləhət alması və bundan sonra baş hakimin monitora çağırılması nəticəsində penalti təyin olunub. Bu qərar isə geniş mübahisələrə səbəb olub. Məsələ ilə bağlı Canluka Rokkinin keçmiş köməkçisi İtaliya Hakimlər Assosiasiyasına müraciətində bildirib ki, Rokki VAR otağının şüşəsinə döyərək videohakimlərin diqqətini cəlb edib və bundan sonra baş hakim epizodu izləməyə dəvət olunub. Bu hadisə ötən il də araşdırılsa da, heç bir sanksiya tətbiq edilməyib. Yeni materiallar digər oyunlarda da mümkün pozuntuların olduğunu göstərir. İstintaq VAR hakimlərinə təzyiqin sistemli olub-olmadığını və bunun oyunların nəticələrinə təsir edib-etmədiyini araşdırır. 2020-ci ildən Seriya A və Seriya B oyunlarına hakim təyinatına cavabdeh olan Canluka Rokki ittihamları rədd edir.
Mənbə
oxu.az