Cəmiyyət

Elektron vergi sistemində problem yaranıb - DVX-dən AÇIQLAMA

22 Apr 2026, 17:43 2 baxış
Elektron vergi sistemində problem yaranıb - DVX-dən AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemində yaranan çətinliklər sahibkarların narazılığına səbəb olub. Bu barədə Oxu.Az-a müraciət edən vətəndaşlar bildiriblər. Onların sözlərinə görə, son günlər sistemdə yaranan nasazlıq səbəbindən elektron hesabatları təqdim etmək mümkün olmur. Problemin artıq bir neçə gündür davam etdiyini qeyd edən sahibkarlar vurğulayıblar ki, hesabatlarını vaxtında təqdim edə bilmədikləri üçün cərimə riski ilə üzləşiblər. Şikayətçilər qeyd ediblər ki, məsələ ilə bağlı çağrı mərkəzinə müraciət etsələr də, cavab ala bilməyiblər. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 2026-cı ilin hesabat dövrü üzrə təqdim edilmiş cari vahid bəyannamələrin miqrasiya prosesi həyata keçirilir. Qurumdan qeyd olunub ki, bununla əlaqədar olaraq bəzi hallarda elektron xidmətlərdən istifadədə qısamüddətli çətinliklər yarana bilər: "Vergi ödəyiciləri dəqiqləşdirilmiş hesabatları miqrasiya prosesi başa çatdıqdan dərhal sonra təqdim edə biləcəklər. Həyata keçirilən proses vergi sisteminin daha təkmil və dayanıqlı fəaliyyətinin təmin olunmasına yönəlib və qısa müddətdə tamamlanması nəzərdə tutulur". Bildirilib ki, yaranmış müvəqqəti narahatlığa görə vergi ödəyicilərindən anlayışla yanaşmaları xahiş olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər