Cəmiyyət
Metroda yaranan problemə görə hansı universitetlər tələbələrə güzəşt edib? - SORĞU
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsi tələbələrin universitetlərə gecikmələrinə səbəb olub. Oxu.Az paytaxtda yerləşən bir neçə təhsil müəssisəsi arasında sorğu keçirib və "Mövcud şəraitə görə gecikən tələbələrə güzəşt olunurmu?" sualını ünvanlayıb. Azərbaycan Dillər Universitetindən bildirilib ki, metrodakı problemlərə görə tələbələrə güzəşt edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən isə qeyd olunub ki, bu kimi hallar nadirən baş verir və tələbələrin gecikməsi buna görə nəzərə alınacaq. Azərbaycan Memarlıq və İnşaat Universitetindən sorğumuza cavab olaraq vurğulanıb ki, hər zaman tələbəyönümlü qərar alıblar: "Hazırda tələbələrdən kütləvi müraciət daxil olmayıb. Düzdür, yaranmış vəziyyətlə bağlı ikinci növbə problem yaşayıb. Müraciət olacağı halda məsələ araşdırılacaq və müvafiq qərar veriləcək". Mədəniyyət və İncəsənət Universitetindən isə qeyd olunub ki, tələbələrin gecikmə halı müşahidə olunmayıb. Xəzər Universitetindən də qeyd olunub ki, tələbələrin gecikməsi qeydə alınmayıb.
Mənbə
oxu.az