Dünya
Avstraliyanın ən zəngin qadını sərvətinin bir hissəsini itirir
Avstraliyanın ən zəngin qadını Cina Raynhart sərvətinin bir hissəsi ilə vidalaşmalı olacaq. BBC-yə istinadən xəbər verir ki, bu barədə məhkəmə müvafiq qərar qəbul edib. 27 milyard dollar sərvəti olan Cina Raynhart 1992-ci ildə atasından dəmir filizi şirkətlərini miras alaraq, Qərbi Avstraliyanın Pilbara bölgəsindəki yataqların istismarına başlayıb. Məlumata görə, onun iki övladı və atasının keçmiş biznes tərəfdaşlarının varisləri hasilat hüquqlarına, eləcə də qonorarların böyük hissəsinə iddia edirdilər. On üç ildən çox davam edən məhkəmə prosesinin yekununda Raynhartın üzərinə atasının sabiq tərəfdaşlarının varislərinə həm keçmiş, həm də gələcək qonorarları ödəmək öhdəliyi qoyulub. Bununla belə, faydalı qazıntıların hasilatı hüququ milyarderin özündə qalıb. Qeyd edək ki, məhkəmə çəkişməsinin əsas obyekti Avstraliyanın ən gəlirli və irimiqyaslı dəmir filizi yataqlarından biri sayılan "Hope Downs" müəssisəsi olub.
Mənbə
oxu.az