Dünya
Gürcüstan XİN rəhbəri Bakı və İrəvanla münasibətlərdən danışdı: "Yeni məna qazanır"
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin qonşu dövlətlərlə münasibətlərindən danışıb. Oxu.Az xəbər verir ki, bu barədə o, "Rustavi-2" telekanalında yayımlanan "Gecə kuryeri" proqramında çıxış edib. Nazir bildirib ki, region ölkələri ilə əməkdaşlıq rəsmi Tbilisi üçün prioritetdir: "Bizim üçün ilk növbədə yaxın qonşularla münasibətlər vacibdir. Söhbət Türkiyə, Ermənistan və Azərbaycanla əlaqələrdən gedir. Gürcüstan bu üç ölkənin hər biri ilə çox yaxşı, strateji münasibətlər saxlayır. Bundan sonra isə daha geniş region - Mərkəzi Asiya ölkələri gəlir". Maka Boçorişvili həmçinin qeyd edib ki, Cənubi Qafqaz artıq Avropa İttifaqının (Aİ) öz təhlükəsizliyi və rifahı üçün həyati əhəmiyyət daşıyan regiona çevrilib: "Əgər əvvəllər Cənubi Qafqaz regionu ilə münasibətlər başqa prizmadan nəzərdən keçirilirdisə, bu gün artıq aydındır ki, bu region Avropa İttifaqı üçün əvəzolunmazdır. Bu kontekstdə Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlər tamamilə yeni məna qazanır. Ümid edirəm ki, müzakirələr rasional çərçivədə aparılacaq və Aİ-nin Cənubi Qafqaz ölkələrinə qarşı yanaşmaları daha realist olacaq".
Mənbə
oxu.az