Kriminal
Tələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisə günü veb-kameralar vasitəsilə qeydə alınan videogörüntülər nümayiş etdirilib. Dövlət ittihamçısı vəsatət verərək, təqsirləndirilən şəxs barədə təkrar kompleks psixoloji ekspertizanın keçirilməsini məhkəmədən istəyib. Dövlət ittihamçısı bu vəsatəti F.Əliyevin hadisəni törədərkən anlaqlı olub-olmamasının müəyyən olunması ilə bağlı əsaslandırıb. Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunduğunu elan edib. Məhkəmənin növbəti iclası mayın 12-nə təyin edib. Xatırladaq ki, hadisə 2025-ci ilin avqustunda Bakıda Xəzər Universitetində baş verib. Hadisəyə Fərid Əliyevin anası və tələbə yoldaşının mesajlaşdığı ilə bağlı iddialar səbəb olub. O, buna görə tələbə yoldaşı ilə mübahisə zamanı ona bıçaq zərbələri endirib. İstintaq zamanı təqsirləndirilənin şübhələrinin təsdiqini tapmadığı bəlli olub. Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər