Cəmiyyət

Məşhur mağazaların adından istifadə edən kiberdələduzlar: Saxta "iPhone" kampaniyaları - VİDEO

13 Apr 2026, 17:56 2 baxış
Məşhur mağazaların adından istifadə edən kiberdələduzlar: Saxta "iPhone" kampaniyaları - VİDEO
Son günlər sosial şəbəkələrdə məşhur elektronika mağazaları və supermarketlərin adından sosial şəbəkələrdə paylaşılan saxta hədiyyə kampaniyaları geniş vüsət alıb. İstifadəçilərə guya "iPhone 16", "iPhone 17" və ya böyük məbləğdə hədiyyə kartı qazanmaq şansı vəd edilir.
Bunun üçün isə cəmi bir neçə sadə sualı cavablandırmaq və təqdim olunan linkə daxil olmağın kifayət etdiyi bildirilir. Dələduzlar bu saxta kampaniyaları məşhur brendlərin adından yayaraq insanları cəlb etməyə çalışırlar. Vətəndaşlar arasında yaxınlarının bu cür dələduzların qurbanına çevrildiyini təsdiqləyənlər də var. "Bir tanışım həmin linkə daxil olmuşdu, 100 manat ödəməklə "iPhone" qazanılacağı qeyd edilmişdi. Sonradan məlum oldu ki, bunu edən dələduz olub", - deyə paytaxt sakinlərindən biri Baku TV-yə qeyd edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür linklərə daxil olan istifadəçilər bank kartı və şəxsi məlumatlarını təqdim etməklə, vəsaitləri ilə yanaşı sosial şəbəkə hesablarını itirmək riski ilə üzləşə bilərlər. İKT üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, son dövrlər fişinq hücumları daha aqressiv xarakter alıb və onların geniş yayılmasında süni intellekt əsaslı texnologiyaların da rolu artıb. Onun sözlərinə görə, hazırda neyron şəbəkələr vasitəsilə saxta məzmun, video və səs yazıları hazırlamaq çox asanlaşıb. Dələduzlar iri supermarketlər və məşhur elektronika mağazalarının adından guya hədiyyə kampaniyaları təşkil edir, hətta tanınmış şəxslərin süni intellektlə hazırlanmış görüntü və səslərindən istifadə edərək istifadəçiləri aldadırlar: "Linkə daxil olduqda istifadəçi saxta saytlara yönləndirilir. Nəticədə sosial şəbəkə hesablarının, fərdi məlumatların ələ keçirilməsi baş verə bilər. Hətta bank kartı məlumatları və SMS təsdiq kodları daxil edildikdə dələduzlar bank tətbiqlərinə giriş əldə edə bilirlər". Nəticədə vətəndaşlar həm maddi ziyana düşür, həm də onların şəxsi məlumatları üçüncü şəxslərin əlinə keçir. Odur ki, məşhur mağazaların yalnız rəsmi səhifələrində yer alan kampaniyalara etimad göstərmək və şübhəli paylaşımlarla qarşılaşdıqda mağazanın qaynar xəttinə zəng vuraraq məsələni aydınlaşdırmaq tövsiyə edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər