Dünya

Qazaxıstanda böyük fırıldaqçılıq: Bir milyon dollarlıq kriptovalyuta piramidası ifşa edildi

08 Apr 2026, 01:36 1 baxış
Qazaxıstanda böyük fırıldaqçılıq: Bir milyon dollarlıq kriptovalyuta piramidası ifşa edildi
Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi "NBC TV" adlı maliyyə piramidası ilə bağlı araşdırmanın başa çatdığını elan edib. Oxu.Az "RBC"yə istinadən xəbər verir ki, iş çərçivəsində hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə 1 milyon dollardan çox məbləğdə kriptovalyutanı müsadirə edib. Məlumata görə, maliyyə piramidası 2025-ci ildə yaradılıb. Onlayn investisiya layihəsi adı altında vətəndaşlar internet və məşhur mesajlaşma tətbiqləri vasitəsilə bu layihəyə cəlb ediliblər. İstintaqın məlumatına əsasən, iştirakçılara film treylerlərini izləməklə gəlir əldə etmək bəhanəsi ilə vəsait yatırmaq təklif olunub. Psevdoinvestisiya layihəsi gündəlik 5-10% (ayda 150%-dən çox) gəlir vəd edib ki, bu da yalnız yeni sərmayəçilərdən daxil olan vəsaitlər hesabına təmin olunub. Həmçinin cəlb edilən şəxslərin investisiyalarının 10%-ə qədərini və müxtəlif bonusları əhatə edən yönləndirmə sistemi də tətbiq edilib. "Qanuni fəaliyyət görüntüsü yaratmaq üçün təşkilatçılar sosial şəbəkələrdə və mesencerlərdə reklamlar yayıblar, saxta sənədlər təqdim ediblər, uydurma gəlirlər nümayiş etdiriblər, bloqerləri cəlb ediblər və tematik çatları idarə ediblər", - deyə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi bildirib. Müstəntiqlər müəyyən ediblər ki, "investorlardan" daxil olan vəsaitlər fiziki şəxslərin hesablarına köçürülüb, daha sonra P2P əməliyyatları vasitəsilə kriptovalyutaya çevrilərək anonim cüzdanlara göndərilib. Agentlik bildirib ki, ümumilikdə 1 057 599 USDT müsadirə edilib. Lakin bu prosesin texniki olaraq necə həyata keçirildiyi barədə ətraflı məlumat verilməyib. Piramidanın təşkilində bir qadının şübhəli olduğu bildirilir. Onun barəsində cinayət işi məhkəməyə göndərilib və haqqında ölkədən çıxmamaq və düzgün davranışla bağlı qəti imkan tədbiri seçilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər