Dünya

ABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdı

06 Apr 2026, 13:32 1 baxış
ABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdı
ABŞ Milli Statistika Xidmətinin məlumatına görə, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qaz (LNG) ixracı sahəsində yeni tarixi rekorda imza atıb. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Qeyd edilib ki, İranla münaqişə başlamazdan öncə də ABŞ dünya enerji bazarında Rusiyanın əsas rəqiblərindən biri hesab edilirdi. Fevralın sonlarına aid statistikaya əsasən, Birləşmiş Ştatların LNG satışından əldə etdiyi ümumi gəlir 5.5 milyard dollar olub. Yanvarda bu rəqəm 4.4 milyard dollar təşkil etmişdi. Növbəti ayda 1.1 milyard dollarlıq artım qeydə alınıb. Bu göstərici rəsmi statistikanın aparıldığı 2002-ci ildən bəri əldə edilən ən böyük aylıq gəlirdir. Ötən 24 ildə ABŞ-nin mayeləşdirilmiş təbii qaz tədarükündən qazandığı məbləğ heç vaxt bu səviyyəyə çatmamışdı. ABŞ-dən ixrac olunan mayeləşdirilmiş qazın əsas alıcıları Avropa ölkələridir. Bu sırada ümumi idxalın 10.6 faizini təşkil edən Böyük Britaniya qlobal miqyasda ilk pillədə qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq Niderland (10.1 faiz) və Misir (9.8 faiz) tutub. İspaniya (8.4 faiz) və Almaniya (7.6 faiz) isə ən böyük alıcıların ilk beşliyinə daxil olublar. Fevralın sonlarında başlayan İran müharibəsi qlobal səviyyədə ABŞ enerjidaşıyıcılarına olan tələbatı kəskin şəkildə artırdı. Xarici medianın məlumatlarına əsasən, yaranmış vəziyyətdən ən çox faydalananlar məhz ABŞ-nin LNG ixracatçılarıdır. Qətərdə qaz hasilatının dayandırılması səbəbindən bir sıra Asiya ölkələri alternativ enerji mənbələrinə, o cümlədən ABŞ şirkətlərinə müraciət ediblər. Ekspertlərin ümumi fikrincə, dünya bazarında qiymətlərin bahalaşması və regional münaqişələrin uzanması ABŞ ixracatçılarına böyük gəlir qazandırmaqla yanaşı, onların beynəlxalq enerji sektorundakı mövqelərini daha da gücləndirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər