Dünya

ABŞ və İsrailin İrana qarşı yeni genişmiqyaslı hücumu nə zaman icra olunacaq?

06 Apr 2026, 11:56 1 baxış
ABŞ və İsrailin İrana qarşı yeni genişmiqyaslı hücumu nə zaman icra olunacaq?
ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastruktur obyektlərini məhv etmək məqsədi daşıyan genişmiqyaslı birgə hücumlar planını təsdiqləyiblər. Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən ABŞ-nin nüfuzlu "Axios" nəşri məlumat yayıb. Bildirilib ki, hazırlanmış hərbi planın həyata keçirilməsi Vaşinqtonun İranla danışıqlar zamanı ilkin razılığa gəlmək üçün müəyyən etdiyi son tarixin bitməsinə qədər təxirə salınır. ABŞ Prezidenti Donald Tramp aprelin 5-də "Axios"a verdiyi müsahibədə aprelin 7-dək İranla sövdələşmənin bağlanması şanslarının yüksək olduğunu bəyan edib. Əvvəllər o, sosial şəbəkə hesabında İranın aprelin 6-dək Hörmüz boğazını açmadığı təqdirdə enerji və mülki infrastruktura zərbələr endirməklə hədələyib. Bununla yanaşı, ABŞ lideri İranla mümkün sövdələşmənin bağlanması müddətini yerli vaxtla aprelin 7-si 20:00-a qədər (Bakı vaxtı ilə aprelin 8-i saat 4:00 - red.) uzadıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər