Dünya
Dağıstanda bir neçə nəfəri sel aparıb
Rusiyada, Dağıstanın Dərbənd rayonunda bir neçə nəfəri sel aparıb. Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dağıstan Regional İdarəetmə Mərkəzinin rəhbəri İsrafil İsrafilov məlumat verib. "Azı üç nəfəri sel aparıb. Xilasedicilər hadisə yerinə çatmağa çalışırlar", - deyə o bildirib. Bundan əvvəl Dağıstanın Tabasaran rayonunun Akka kəndində torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması zamanı traktor gursulu çaya düşüb. Sürücü kabinədən özü çıxmağı bacarıb. Bundan başqa, Gejux su anbarının bəndinin yarılması təhlükəsi səbəbindən yeddi kəndin su altında qalacağı ehtimal edilir. Təhlükəsiz ərazilərdə müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb və 4 000-dən çox sakinin ora köçürülməsi planlaşdırılır. İlkin məlumata görə, Dərbənd rayonunda artıq 800-ə yaxın ev təxliyə edilib, Karakyure kəndində isə min nəfər xilasedicilərin köməyini gözləyir.
Mənbə
oxu.az