Cəmiyyət

Tarixi binanın divarları danışdı - amma bu dəfə utancdan…

03 Apr 2026, 18:48 2 baxış
Tarixi binanın divarları danışdı - amma bu dəfə utancdan…
Əzizə İsmayılova yazır... Bakının mərkəzində yerləşən, tarixi və memarlıq baxımından xüsusi əhəmiyyət daşıyan Nizami Kino Mərkəzinin divarlarının qarmaqarışıq yazıların kölgəsində qalması sosial şəbəkələrin müzakirə obyektinə çevrilib. Hər kəs öz baxış bucağı çərçivəsində bu məsələyə bir məna verməyə çalışır, amma ortada elə bir "sənət əsəri" var ki, onu anlamaq, qəbul etmək çox çətindir. Görünən odur ki, kimlərsə sprey boya və markerlə "silahlanıb" binanın divarlarına hücum ediblər.
Zənnimcə, əgər divara həkk olunan bu cızma-qaraların hansısa bir vizual çəkiciliyi olsaydı, bunu ən pis halda gənclərin qraffiti sevgisini yanlış yerdə reallaşdırmaq istəyi kimi qiymətləndirmək olardı. Axı göz qabağında olan bu mənzərə qraffiti təsəvvürü yaratmır. Çünki küçə mədəniyyətinin bir hissəsi hesab olunan qraffiti heç də əlinə boya və ya marker alıb divarları qaralamaq anlamına gəlmir. O, incəsənətin bir növü kimi yalnız icazə verilmiş və uyğun məkanlarda tətbiq olunduqda sənət əsəri kimi qəbul edilə bilər. Tarixi abidələrin divarlarını "kətan" kimi istifadə etmək isə nə incə, nə də kobud sənət nümunəsidir, birbaşa ictimai mülkiyyətə zərər vurmaq, tarixə hörmətsizlik etmək deməkdir. Hər bir vətəndaş bilməlidir ki, mədəni irs nümunələrinin qorunması yalnız tək-tək fərdlərin deyil, həm də hər bir cəmiyyət üzvünün üzərinə düşən məsuliyyətdir. Amma görünən odur ki, bəzi vətəndaşlarımız ya bu məsələnin mahiyyətini bilmir, ya da sadəcə, əhəmiyyət vermək istəmirlər.
Şəhərin mərkəzində, hər gün yüzlərlə insanın keçdiyi ərazidə yerləşən bu binanın divarlarının müxtəlif yazılar və təsvirlərlə çirkləndirilməsi, sadəcə, estetik pozuntu deyil, açıq şəkildə vandalizm aktıdır. Nizami Kino Mərkəzi və bu qəbildən olan bütün tarixi binaları təkcə bir bina deyil, Bakının mədəni yaddaşının bir hissəsi kimi dəyərləndirsək, görərik ki, onlara qarşı edilən hər hansı bir vandallıq bütövlükdə aid olduğumuz cəmiyyətə qarşı hörmətsizlikdir. Belə hadisələrlə rastlaşanda ilk ağlımıza gələn sual bu olur - görəsən, son illər gəncləri bu cür addım atmağa nə sövq edir? Bəlkə, bunun üçün məsuliyyət və cəza mexanizmlərini bir qədər sərtləşdirmək lazımdır? Bəlkə, cəzasızlıq fonunda bu cür hadisələrə "yaşıl işıq" yandırmış oluruq? İstənilən halda cəmiyyətin hər bir üzvü dərk etməlidir ki, tarixi abidələrin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Əgər bu gün buna göz yumsaq, sabah qoruyacaq mədəni irsimiz qalmaya bilər. Bu səbəbdən də tarixi abidələrə bu cür müdaxilələrə qarşı ictimai qınaq formalaşdırmaq və ciddi tədbir görmək qaçılmazdır.
Tarixi binanın divarları danışdı - amma bu dəfə utancdan… Tarixi binanın divarları danışdı - amma bu dəfə utancdan…
Mənbə oxu.az

Oxşar Xəbərlər