Cəmiyyət
"Divarı yazmaq incəsənət deyil, vandallıqdır" - Şeyx Əbdüldən SƏRT REAKSİYA
Paytaxtın mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi, eybəcər yazıların yazılması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bunun təkcə estetik yox, həm də mənəvi problem olduğu bildirilir. Bəs görəsən, belə halların qarşısını almaq üçün mövcud qanunvericilik kifayət edirmi, yoxsa daha sərt cəzalar tətbiq olunmalıdır? Gənclər arasında bu cür davranışların yayılması nə ilə bağlıdır - tərbiyə problemi, sosial təsir, yoxsa nəzarətsizlik? Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov (Şeyx Əbdül) mövzu ilə bağlı Oxu.Az-a danışıb. Onun sözlərinə görə, bu hadisəni sadəcə "divara rəsm çəkmək" kimi təqdim etmək doğru deyil: "Bu, açıq-aydın vandallıqdır. Paytaxtın mərkəzində yerləşən, mədəni-tarixi əhəmiyyət daşıyan bir binanın divarını yazmaq hörmətsizlikdir. Təəssüf ki, bu, təkcə Nizami Kino Mərkəzi ilə məhdudlaşmır. Son vaxtlar şəhərin müxtəlif yerlərində - keçidlərdə, divarlarda bu cür halların artdığını görürük". Onun fikrincə, bu cür "mədəniyyət" Azərbaycan üçün yad və qəbuledilməzdir: "Bakı başqa dəyərlərlə tanınır - təmizliyi, səliqəsi, gözəlliyi ilə. Bizim şəhərin öz siması var. Bu cür yad təsirlər o simaya uyğun deyil və şəhərin imicinə zərər vurur. Bu kimi hallar Bakının formalaşmış müsbət obrazına xələl gətirir". Məsələnin səbəblərinə toxunan həmsöhbət əsas problemi gənclərin məsuliyyətsizliyində və tərbiyə məsələsində görür: "Bu, yaradıcılıq deyil. Müasir gənclərin özlərini ifadə etməsi üçün kifayət qədər imkanları var. Amma başqasının əməyini məhv etmək yaradıcılıq deyil, sadəcə, dağıdıcılıqdır". Onun sözlərinə görə, burada ailə faktoru xüsusi rol oynayır: "Valideyn övladının harada olduğunu, nə etdiyini bilməlidir. Uşağa ictimai mülkiyyətə hörmət, estetik zövq ailədə aşılanmalıdır. Əgər uşaq evdə tərbiyə alırsa, küçədə də o tərbiyəni göstərir". Şeyx Əbdül problemin yalnız fərdi məsuliyyətlə izah olunmadığı da qeyd edib: "Burada nəzarət və cəzasızlıq məsələsi də var. Qanunvericilik müəyyən qədər var, amma icra zəifdir. Əgər ciddi nəzarət və cəza mexanizmi olmasa, bu hallar davam edəcək".
Mənbə
oxu.az