Cəmiyyət
2 aprel - Dünya Autizm Maarifləndirmə Günüdür
2 aprel - Dünya Autizm Maarifləndirmə Günüdür. Autizm haqqında məlumatlılığın artırılması və belə insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə bu tarix qeyd olunur. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən 18 dekabr 2007-ci il tarixli qərar əsasında rəsmiləşdirilib və autizmli şəxslərin hüquqlarını qorumaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və potensiallarını üzə çıxarmaqla yanaşı, insanların autizm spektr pozuntusu haqqında daha dolğun məlumat əldə etməsinə və stereotiplərin aradan qaldırılmasına xidmət edir. Azərbaycanda da bu istiqamətdə müxtəlif mərkəzlər fəaliyyət göstərir və autizmli şəxslərin inkişafına dəstək olurlar. Mərkəzlərdə önəmli istiqamətlərdən biri idmanla reabilitasiyadır. Fiziki aktivlik uşaqların həm sağlamlığına, həm də sosial bacarıqlarının inkişafına müsbət təsir göstərir. Bununla yanaşı, psixoloji dəstək, loqopedik məşğələlər, pedaqoji proqramlar və sosial bacarıqların inkişafına yönəlmiş təlimlər də həyata keçirilir. Özünəxidmət bacarıqlarının formalaşdırılması isə uşaqların gündəlik həyatda daha müstəqil olmasına kömək edir. Uşaqların fərdi xüsusiyyətləri, ehtiyacları və inkişaf tempi nəzərə alınaraq xüsusi proqramlar hazırlanır. Fərdi inkişaf planları vasitəsilə onların potensialı maksimum səviyyədə üzə çıxarılır və cəmiyyətə daha rahat inteqrasiya etmələri təmin olunur.
Daha çox şəkil burada: PhotoStock.Az
Daha çox şəkil burada: PhotoStock.Az
Mənbə
oxu.az