İdman
"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA
Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Formula-1" yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur. Oxu.Az xəbər verir ki, bu barədə iddia ilə "Formula-1"i işıqlandıran idman jurnalisti Culiana Çerasoli çıxış edib. O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür. Bakı Şəhər Halqasının mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb: "Belə bir məlumat bizə daxil olmayıb. Yarış qüvvədədir və "Formula-1" təqviminə uyğun keçirilməsi nəzərdə tutulur". Qeyd edək ki, "Formula-1" təqviminə əsasən, Bəhreyn (4-cü mərhələ) və Səudiyyə Ərəbistanında (5-ci mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beşhəftəlik fasilə yaranacaq. May ayında çempionat Mayami Qran-prisi ilə davam edəcək.
Mənbə
oxu.az