Siyasət

Yaxın Şərqdə qorxunc nüvə ssenarisi: REGİON TƏHLÜKƏDƏ

19 Mar 2026, 13:56 1 baxış
Yaxın Şərqdə qorxunc nüvə ssenarisi: REGİON TƏHLÜKƏDƏ
Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda region üçün yeni və daha genişmiqyaslı, qlobal risklər gündəmə gəlir. Xüsusilə hərbi əməliyyatların strateji infrastruktur obyektlərinə yaxınlaşması ehtimalı nüvə təhlükəsizliyi məsələsini aktuallaşdırır. Bu kontekstdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən səsləndirilən xəbərdarlıqlar vəziyyətin ciddiliyini bir daha ön plana çıxarır. Təşkilatın nümayəndəsi Hanan Balhi qeyd edib ki, ABŞ və İsrailin İran ərazisindəki obyektlərə mümkün zərbələri fonunda ən pis ssenari - genişmiqyaslı nüvə qəzası ehtimalı istisna deyil:
"Xüsusilə Buşəhr Atom Elektrik Stansiyası ətrafında yaranan risklər region üçün ciddi təhlükə mənbəyi hesab olunur". Belə bir qəza baş verərsə, şübhəsiz ki, onun təsirləri yalnız lokal çərçivədə qalmaz. Radiasiyanın Fars körfəzi boyunca yayılması, həm sahilyanı ölkələrin əhalisi, həm də ekosistemlər üçün uzunmüddətli fəsadlar doğura bilər. Bundan əlavə, körfəz ölkələrinin həyati əhəmiyyət daşıyan dəniz suyunun duzsuzlaşdırılması sistemlərinin zədələnməsi içməli su təminatında ciddi böhran yarada bilər. Bu səbəbdən mümkün nüvə hadisəsinin ehtimalı, onun doğura biləcəyi nəticələr, xüsusilə ətraf mühit və iqlim üzərində təsirləri geniş şəkildə təhlil edilməli olan mühüm mövzulardan biridir. Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva bildirib ki, istənilən müharibə həm birbaşa, həm də dolayı yollarla atmosferə böyük miqdarda istixana qazları buraxır:
"Yəni müharibənin təsiri yalnız siyasi və humanitar deyil, həm də qlobal iqlim böhranını dərinləşdirən amildir. Yaxın Şərqdə davam edən müharibə nəticəsində dəfələrlə neft quyuları, emal zavodları, terminalları hədəfə alınıb. Bu isə günlərlə davam edən yanğınlara və atmosferə milyonlarla ton CO₂ buraxılmasına səbəb olub. Yanğınlar, dağıntılar və hərbi fəaliyyətlər nəticəsində kimyəvi maddələr və qazlar havaya qarışır". "Atom elektrik stansiyasında partlayış baş versə, nəticələr çox ağır və çoxşaxəli ola bilər. Amma vacib bir məqam da budur ki, belə stansiyalar nüvə bombası kimi partlamır. Ən böyük risk radioaktiv maddələrin havaya, suya və torpağa yayılmasıdır. Küləyin istiqamətindən asılı olaraq İranla yanaşı, qonşu ölkələrə də təsir edə bilər", - deyə deputat vurğulayıb. Müsahibimiz əlavə edib ki, yüksək radiasiya uzun müddətdə xərçəng və müxtəlif genetik problemlər yarada bilər: "Bu cür hallar Çernobıl və Fukusima atom fəlakətləri zamanı baş verib. Amma müasir atom stansiyaları çoxsəviyyəli təhlükəsizlik sistemləri ilə qorunur. Belə böyük qəza ehtimalı çox aşağıdır. Beynəlxalq reaksiyalar olduqca vacibdir. Ümid edirik ki, müharibə tezliklə sonlanar və bu kimi hallar baş verməz". Mərahim Nəsib
Yaxın Şərqdə qorxunc nüvə ssenarisi: REGİON TƏHLÜKƏDƏ Yaxın Şərqdə qorxunc nüvə ssenarisi: REGİON TƏHLÜKƏDƏ
Mənbə oxu.az

Oxşar Xəbərlər