Cəmiyyət

Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO

19 Mar 2026, 12:28 2 baxış
Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO
İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndi hazırda yeni bir həyatın başlanğıcını yaşayır. Kəndə daxil olanda 30 illik işğal zamanı qəlbi qaralmış bu torpaqlarda dirçəlişin yaratdığı ab-havaya isinirsən. Horovluda dağıntıların yerini tədricən tikililər əvəzləyir, həyətlərdə həyat dolu səslər eşidilir. Dövlət tərəfindən həyata keçirilən bərpa və yenidənqurma layihələri kəndin simasını dəyişir. İnfrastrukturun qurulması, yolların çəkilməsi, kommunikasiya xətlərinin bərpası bura yeni nəfəs verib. Doğma yurdda insanların ümidləri güclənir. İşğaldan azad olunduqdan sonra ilk dəfə Horovluda Novruz festivalı keçirilir. Oxu.Az-ın əməkdaşı kimi kəndin bu sevincinin şahidi olmaq isə başqa bir hiss, fərqli sevincdir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və "Aqrar tədarük və təchizat" ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində təşkil olunan tədbirlər, o cümlədən Novruz festivalı kəndə baharla birlikdə yeni tərzin gəlməsini simvolizə edir. Tonqal ətrafında bir araya toplaşan uzun illər doğma torpaqlarından köçkün düşmüş sakinlərin gözlərində yalnız keçmişin ağrıları deyil, həm də gələcəyə inam, fərəh görünür. İllərin sükutundan sonra yenidən canlanan Horovluda təşkil olunan Novruz festivalı təkcə yerli sakinləri deyil, həm də müxtəlif bölgələrdən gələn qonaqları bir araya gətirib. Bayram ab-havası kəndin hər küçəsində, hər guşəsində hiss olunur.

Festival çərçivəsində Horovlu kənd bazarının açılışı da oldu. Burada fermerlər öz məhsullarını, sənətkarlar isə əl işlərini nümayiş etdirərək satış imkanı əldə ediblər. Bu təşəbbüsü yalnız bayram sevinci deyil, həm də bölgənin iqtisadi canlanmasını əks etdirən maraqlı bir tablo kimi də dəyərləndirmək olar. Burada bayram tədbiri həm də milli ənənələrin zəngin palitrasını özündə birləşdirir. Bahar qızın, Kosa və Keçəlin iştirakı ilə təqdim olunan səhnəciklər, məzəli oyunlar və tamaşalar qonaqlar tərəfindən alqışla qarşılanır. Musiqiçilərin, xanəndələrin, aşıqların, rəqqasların çıxışları isə festivalın coşqusunu daha da artırırdı. Uşaqlar üçün ayrılmış xüsusi zonada kukla teatrının nümayişi, fləşmoblar, viktorinalar balacaların sevincinə sevinc qatır. Festivalın ən maraqlı məqamlarından biri də sakinlərin hazırladığı kreativ səməni yarışmasıdır. Müxtəlif formalarda, fərqli ideyalarla bəzədilən səmənilər münsiflər heyəti tərəfindən qiymətləndirilir və qaliblərə müxtəlif nominasiyalar üzrə mükafat verilir.

Festivalda səməni halvasının hazırlanması üzrə master-klass da ziyarətçilərin böyük marağına səbəb olub. Qazan başına toplaşanlar həm halvanın hazırlanmasına baxır, həm də hazır halvadan dadırlar. Horovlu kənd parkında qurulan süfrələrdə isə milli mətbəximizin ləziz nümunələrinin təqdimatı da diqqətdən qaçmayıb. Sacda bişirilən lavaş, fəsəli və bölgəyə xas çirişotu ilə hazırlanan kətənin yanından ayaq saxlamadan keçmək mümkünsüzdür.
Kəndirbazların, pəhləvanların və digər ənənəvi sənət nümayəndələrinin çıxışları ilə davam edən festival "Dədə Qorqud"un yandırdığı bayram tonqalı ətrafında toplaşan insanların qoşulduğu Yallı rəqsi ilə yekunlaşır. Horovluda yandırılan bu tonqal, baş tutan festival yalnız Novruzun deyil, həm də dirçəlişin, Böyük Qayıdışın və birliyin rəmzi kimi yaddaşımda qaldı. Novruz yurdumuza xoş gəlib. Axarlı-baxarlı olsun!


{{gallery}}
Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO Cəbrayıla QAYIDIŞIN SİMVOLU: Horovluda qələbədən sonra İLK NOVRUZ FESTİVALI - VİDEO - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər