Cəmiyyət
XRİTDX və Odlar Yurdu Universiteti kibertəhlükəsizlik memorandumu imzaladılar - FOTO
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev Odlar Yurdu Universitetinin informasiya texnologiyaları laboratoriyaları, təlim mühiti və maddi-texniki bazası ilə tanış olub. Oxu.Az xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb. Bildirilib ki, universiteti ziyarət edən nümayəndə heyəti rektor professor Əhməd Vəliyev və Milli Məclisin deputatı Samir Vəliyev ilə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Əhməd Vəliyev qonaqları universitetin tədris mühiti ilə yaxından tanış edərək, burada tədris edilən digər ixtisaslarla yanaşı, kompüter mühəndisliyi, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində kadr hazırlandığını və həmin kadrların müxtəlif dövlət və özəl qurumlarda, o cümlədən ixtisaslaşmış texnologiya müəssisələrində istehsalat təcrübəsinə cəlb olunduğunu vurğulayıb. Daha sonra XRİTDX ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və universitetin rektoru professor Əhməd Vəliyev imzalayıblar. Memorandum "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-27-ci illər üçün Strategiyası"ndan irəli gələn vəzifələrə uyğun olaraq özəl ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində innovativ fəaliyyətin təşkili, eləcə də məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məqsədləri daşıyır. Memoranduma əsasən, tərəflər XRİTDX-nin dəstəyi ilə universitetdə təhsil proqramlarının təkmilləşdirilməsi, tələbələr üçün praktika təcrübələrinin təşkili, universitetdə ustad dərslərinin keçirilməsi, birgə laboratoriyaların yaradılması və sahə üzrə mütəxəssislərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər. İmzalanmış sənəd tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə və informasiya təhlükəsizliyi sahəsində rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına töhfə verəcək. Qeyd edək ki, XRİTDX bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində mühüm layihələr həyata keçirib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az