Cəmiyyət

Xaricdə ali təhsil almış şəxslər yenidən imtahan verdilər: Cəmi 18 nəfər uğur qazandı

17 Mar 2026, 15:40 2 baxış
Xaricdə ali təhsil almış şəxslər yenidən imtahan verdilər: Cəmi 18 nəfər uğur qazandı
Martın 17-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu agentlik tərəfindən aparılıb. DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və bir saat davam edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 181 nəfərdən 35 nəfər imtahana gəlməyib. İmtahanda 18 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək. Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur. İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 - 19 mart tarixlərində saat 14:00-dan 16:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər