İdman
"Liverpul" "Real Madrid"in iki futbolçusu üçün böyük məbləğ ödəməyə hazırdır
İngiltərənin "Liverpul" klubu "Real Madrid"in istedadlı yarımmüdafiəçisi Eduardu Kamavinqanın transferi uğrunda mübarizədə ciddi üstünlük əldə edib. Oxu.Az "TEAMtalk"a istinadən xəbər verir ki, ingilis nəhəngi yay transfer pəncərəsində fransız futbolçunu 50 milyon avro müqabilində heyətinə qatmağı planlaşdırır. Məlumata əsasən, "qırmızılılar"ın transfer siyahısında Madrid təmsilçisinin mərkəz müdafiəçisi Din Höysen də xüsusi yer alır. Mersisayd klubu ötən yay "Bornmut"dan "Real Madrid"ə transfer olunan futbolçu üçün 70 milyon avro xərcləməyə razıdır. Bildirilir ki, irəli sürülən maliyyə şərtləri cəlbedici olarsa, ispan nəhəngi Höysenin gedişinə yaşıl işıq yandıra bilər. Qeyd edək ki, Kamavinqa cari mövsüm ərzində iştirak etdiyi bütün turnirlərdə 31 matçda yaşıl meydanda mübarizə aparıb, 2 dəfə rəqib qapılarına yol tapıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, fransız futbolçunun klubla qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Mənbə
oxu.az