Digər
Muxtar Babayev: "İqlim dəyişikliyi hələ də mövcuddur, problem aradan qalxmayıb"
"COP29-da qəbul olunan qərarlardan sonra ilk dövrlərdə donorların bu fonda kifayət qədər fəal töhfə verdiyini müşahidə edirdik. Lakin son illərdə gördük ki, prosesin gedişi müəyyən qədər zəifləyib". Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev XIII Qlobal Bakı Forumunda "Danışıqlardan kənarda - COP-u yaşatmaq uğrunda mübarizə" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib. M.Babayev vurğulayıb ki, bu fond xüsusilə kiçik inkişaf etməkdə olan dövlətlərə və orta inkişaf səviyyəsinə malik ölkələrə maliyyə yardımı göstərmək üçün yaradılıb: "Məqsəd böyük fəlakətlərdən sonra onların iqtisadiyyatını bərpa etməyə və sosial həyatını yenidən qurmağa kömək etməkdir. Lakin indi əsas məsələ bu qərarların necə icra olunacağıdır. Bu zərər və itkilər məsələsinə görə biz yenidən qəbul etdiyimiz qərarlara baxırıq. 2024-cü ildə hamımız Bakıda çox aydın müzakirələr apardıq və donor ölkələrin maliyyə ilə bağlı töhfə verməsi barədə qərar qəbul olundu. Təəssüf ki, hazırda bu qərarların icrası ilə bağlı müəyyən geriləmələr var". O əlavə edib ki, bu gün ölkələrin təhlükəsizliyi ilə bağlı müxtəlif problemlər və digər böyük çağırışlar maliyyə resurslarının getdikcə daha çox bu istiqamətlərə yönəlməsinə səbəb olur: "Ölkələr daha çox müharibələrdən və münaqişələrdən özlərini necə qorumaq barədə düşünürlər. Lakin iqlim dəyişikliyi hələ də mövcuddur və bu problem aradan qalxmayıb". Aygün Mirakif
Mənbə
oxu.az