Cəmiyyət

8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO

06 Mar 2026, 14:00 2 baxış
8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO
8 Mart - həyatımızın hər anında iz qoyan, səssizcə dəstək olan, sevgisi ilə güc verən qadınların görünməyən zəhmətini, səbrini dəyərləndirmək, "sən bizim üçün çox qiymətlisən" demək üçün ən yaxşı fürsətdir. Oxu.Az-ın əməkdaşı 8 Martı xanımlar üçün yaddaqalan etməyin yollarını araşdırıb. Hansı hədiyyəni seçməli, harada qeyd etməli - hamısı bir materialda. Ən populyar hədiyyə Bu günün ən vazkeçilməz və populyar hədiyyəsi, sözsüz ki, çiçək, gül dəstəsidir. Bir qızılgüllə məsələni həll etmək istəyən azı dörd manatından keçməlidir. Üç ədəd zanbaqdan tutulan buket isə təxminən 8-10 manata başa gələcək. Bakıdakı müxtəlif gül mağazalarında tək güllərin qiymətləri aşağıdakı kimidir: - Qızılgül - 4-6 manat; - Çobanyastığı - 3-5 manat; - Nərgizgülü - 2 manat; - Zanbaq - 2 manat 50 qəpik - 3 manat; - Payızgülü (xrizantema) - 3-4 manat. 8 Martda xanımı 101 qızılgüldən hazırlanmış buketlə təəccübləndirib, paxıllığını çəkənlərin bağrını yarmaq istəyən bəylər isə ən azı 500 manatları ilə vidalaşsınlar.
Zər qədrini zərgər bilər Gümüş və qızıl bəzək əşyaları hədiyyə edənlər də az deyil. Gümüş aksesuarların qiyməti 45-80 manat arasındadır. Qızıl zərgərlik məmulatlarının qiyməti isə çəkisinə (qramına) və istehsalçə fərqinə görə dəyişir. 585 əyarlı qızılın bir qramı 215-220 manat, 750 əyarlı qızılın bir qramı isə 300-310 manat arasında qərarlaşıb.
Xoşbəxtlik qaynağı - şokolad Son illərin dəbi olan şokoladdan hazırlanmış buketlər və hədiyyə qutuları da 8 Mart üçün ən çox seçilən variantlar sırasındadır. Həm qeyri-adi görünüşü, həm də şirin dadı ilə bu cür sürprizlər ikiqat sevinc yaşadır. Belə seçimlər həm klassik gül buketinə alternativdir, həm də yaddaqalan, fərqli bir jest kimi dəyərləndirilir. Bu cür hədiyyələrin qiymətləri isə 40-200 manat arasında dəyişir.
Unudulmaz rayihə 8 Martda populyar hədiyyələrdən biri də ətirdir. Bakıda saysız-hesabsız ətir mağazalarında ən ucuz qiymətlər bir qram üçün 1 manatdan başlayır. Həmçinin ətirləri onlayn mağazalardan da sifariş vermək mümkündür. Bunun üstünlüyü isə həm parfümün xüsusiyyətlərini, ətir çalarlarını, həm də qiymət baxımından variantlarını seçmək imkanının genişliyidir. Əsas odur ki, ətrin sahibəsinin zövqünü yaxşı biləsən.
Vaxtı tutmaq Hədiyyə seçimində qol saatları üzərində dayananlar da az deyil. Burada da qiymətlər keyfiyyətə, istehsalçıya və hazırlandığı materiala görə dəyişir. Nisbətən keyfiyyətli və gözoxşayan bir qol saatı hədiyyə etmək istəyənlər büdcəsindən 40-200 manat aralığında pul ayırmalıdırlar.
Həm ziyafət, həm zərafət 8 Martı evdə deyil, restoran, yaxud kafedə qeyd etməyi düşünənlər də az deyil. Artıq bir çox restoranlarda Beynəlxalq Qadınlar Günü üçün məxsusi kampaniyalar hazırlanıb. Metronun "Nərimanov" stansiyası yaxınlığında yerləşən restoranların bəzilərində 8 Marta özəl desertlər təqdim olunur. Nizami rayonu ərazisində fəaliyyət göstərən restoranda isə bir nəfər üçün depozit ödəniş 120 manatdır.
Bir çox restoranlar isə martın 8-də qastronomiya və musiqinin sintezindən ibarət bayram ovqatı bəxş etməyə çalışacaqlar. Belə ki, bir-birindən ləziz təamları elə o qədər də zövqlü canlı musiqi sədaları altında dada bilərsiniz. Bayramı bu cür ab-havada keçirmək istəyənlər restoranların yerləşmə məkanından asılı olaraq bir nəfər üçün 25-140 manat aralığında ödəniş etməli olacaqlar. Bulvardakı restoranlarda da xüsusi menyular tərtib edilib: qiymətlər 60-70 manat arasında dəyişir. Menyuya müxtəlif növ salatlar, soyuq qəlyanaltılar, kabablar, kompotlar daxildir. Musiqi, rəqs, əyləncə 8 Martda sırf mədəni proqram düşünənlər üçün Bakıda həmin gün geniş spektrdə tədbirlər nəzərdə tutulur. Şam işığında musiqinin sehrinə dalmaq istəyənlər Kapelhausa baş çəkə bilərlər. Burada 18:30-dan 19:30-dək qadınlara həsr olunmuş musiqi gecəsi keçiriləcək. Biletlərin qiyməti 20 manatdan başlayır. Müxtəlif klublarda təşkil olunacaq konsertlərdə Zamiqi dinləmək istəyənlər bir nəfər üçün 25, Könül Kərimovanın pərəstişkarları 35, Röyaya qulaq asmaq istəyənlər isə 40 manat ödəməli olacaqlar.
Caz həvəskarları isə İçərişəhərdə yerləşən klubda 25 manat ödəyərək 20:15-dən 22:00-dək möhtəşəm ifalardan həzz ala bilərlər. Martın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ("Zal qızı Zalxa"), Rəşid Behbudov adına Mahnı Teatrı ("Lalalend" müzikli), Gənc Tamaşaçılar Teatrı ("Solğun çiçəklər"), "M Teatr" ("Yad qadının məktubu"), Akademik Milli Dram Teatrı ("Xurşidbanu Natəvan") qadınlara həsr olunmuş tamaşalar nümayiş etdirəcəklər. Bilet qiymətləri 8-50 manat arasında dəyişir. Müxtəlif kinoteatrlarda ən ucuz 8 manatdan başlayan qiymətlərlə ən müxtəlif janrlı filmləri baş-başa izləyə bilərsiniz. Əgər səs-küy sizin üçün deyilsə, o zaman Bakının parkları hüzurunuzdadır. Bayram gününü səliqəli, gözoxşayan xiyabanda gəzinti ilə tamamlaya bilərsiniz. Çünki sevindirməyin ölçüsü hədiyyənin qiymətindən deyil, onu hansı hisslərlə təqdim etməyinizdən asılıdır. Bir baxış, bir səmimi söz bəzən ən bahalı əşyadan daha güclü iz buraxır. Aygün Mirakif
8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO 8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO 8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO 8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO 8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO 8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO 8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər