Siyasət

Riyakarlıqdan terrora: Tükənmiş və xain molla rejiminin SON ÇIRPINTILARI

05 Mar 2026, 16:38 1 baxış
Riyakarlıqdan terrora: Tükənmiş və xain molla rejiminin SON ÇIRPINTILARI
İranın Naxçıvan istiqamətindəki dron hücumu təkcə hərbi təxribat deyil, həm də qonşu ölkənin açıq siyasi və mənəvi çöküşünün göstəricisidir. Bu hadisə molla rejiminin illərdir nümayiş etdirdiyi riyakarlığın və nankorluğun növbəti sübutudur. Əvvəlcə hücumun məqsədlərinə nəzər salaq. Xain addımın arxasında iki məqsəd dayanır. Birincisi, molla rejimi bu addımı ilə əhali arasında təşviş və qorxu yaratmaq istəyirdi. Lakin bu cür təxribatların həqiqəti dəyişmək gücü yoxdur. Azərbaycan xalqı "qorxu siyasəti" ilə sınağa çəkiləcək toplum deyil. Xalqımız daha ağır sınaqlardan keçib və hər dəfə daha güclü çıxıb. Ona görə də molla rejiminin cəmiyyətdə təşviş yaratmaq planının uğur qazanması mümkün deyil. Əksinə, bunun iflasa uğradığı açıq-aydın görünür.

Digər məqsəd isə Azərbaycanın eksklavı olan Naxçıvanla əlaqələri kəsmək cəhdidir. Bu fonda hava limanının hədəfə alınması təsadüfi deyil və strateji məqsəd daşıyır. Dron hücumu ilə Naxçıvanın Azərbaycanla logistika və kommunikasiya imkanlarını zəiflətmək planı çökmüş molla rejiminin iç üzünü bir daha göstərir. Lakin bu cür təxribatlar Naxçıvanın Azərbaycanla əlaqələrini məhdudlaşdırmaq gücündə deyil. Azərbaycan dövləti bu bölgənin təhlükəsizliyi üçün lazımi addımları atır. Bu fonda Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına diqqət yetirmək yerinə düşər: "Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq". Bir daha vurğulayaq ki, Azərbaycana qarşı qurulan planlar sonda iflasa uğrayır. Bunu zaman-zaman təcrübələrdə görmüşük. Naxçıvanı təcrid etmək cəhdləri də eyni aqibəti yaşayacaq.

Hər kəsə məlumdur ki, ölkəmiz dünyada azsaylı ölkələrdəndir ki, bütün dövrlərdə qonşuluq münasibətlərinə sadiq olub. Ölkəmizin ərazisi heç vaxt İran üçün təhlükə mənbəyi olmayıb. Əksinə, rəsmi Bakı dəfələrlə gərginliyin artmaması üçün məsuliyyətli davranıb. İstər 12 günlük İran-İsrail müharibəsi dövründə, istər ondan əvvəlki və sonrakı vaxtlarda, istərsə də İran-ABŞ/İsrail münaqişəsi zamanı ölkəmiz ən ali səviyyədə bildirib ki, ərazilərimiz üçüncü dövlətlər tərəfindən rəsmi Tehrana qarşı istifadə edilə bilməz. Bu kontekstdə İran rəsmilərinin müxtəlif dövrlərdə Azərbaycana qarşı səsləndirdiyi iddialar isə cəfəngiyatdan başqa bir şey deyildi. Naxçıvana dron hücumu isə molla rejiminin düşmən münasibətini təsdiq edir. Təsəvvür edin, Prezident İlham Əliyev martın 4-də İranın Azərbaycandakı səfirliyinə gedərək Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verir, bir gün sonra isə İran tərəfi ölkəmizin dostyana münasibətinə düşmən və alçaqcasına şəkildə "təşəkkür" edir. Bizim üçün sirr deyil ki, molla rejimi illərdir regionda ideoloji şüarlar arxasında gizlənərək riyakar siyasət yürüdür. Faktlar göstərir ki, Azərbaycan dar gündə qonşularına dəstək verən, münasibətləri gərginləşdirməməyə çalışan tərəf olub. Buna baxmayaraq belə bir hücumun həyata keçirilməsi İran hakimiyyətinin siyasi etibarsızlığını və nankorluğunu açıq şəkildə ortaya qoyur. Tarix isə çox sadə bir həqiqəti dəfələrlə sübut edib. Azərbaycana qarşı hücum edənlər sonda peşman ediliblər. Bu dəfə də fərqli olmayacaq. Naxçıvana qarşı belə qorxaq, nadan addım atanlar gec-tez bunun siyasi və strateji nəticələrini görəcəklər. Azərbaycanın səbrini zəiflik kimi qiymətləndirənlər isə həmişə səhv edib və yenə də bunu təkrarlamış olurlar. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər