Siyasət

Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək: Hansı addımlar atılacaq?

27 Feb 2026, 11:44 1 baxış
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək: Hansı addımlar atılacaq?
Milli Məclis xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçirilməsini üçüncü oxunuşda qəbul edib. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Kinematoqrafiya haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənədə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək. Bundan başqa, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi şərtlərlə həyata keçiriləcək. Həmçinin dəyişikliklərə əsasən, "milli film", "xarici film", "birgə istehsal filmi", eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir. Qeyd edilən dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanimzlərinin tətbiqi zamanı şəffaflığı artıracaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər