Siyasət
Dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən halların sayı artırılır
Milli Məclis Azərbaycanda dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən halların sayının artırılması ilə bağlı üçüncü oxunuşda qəbul edib. Oxu.Az xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib. Təklif edilən dəyişikliklərə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və ya aerodromların genişləndirilməsi, eləcə də yeni hava limanlarının (aeroportların) və ya aerodromların inşası torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar siyahısına daxil edilir. Qanun layihəsi hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək. Mövcud qanunda isə torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar siyahısına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi aiddir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib. Mərahim Nəsib
Mənbə
oxu.az