Cəmiyyət
Sağ qalmaq üçün günlərlə mübarizə aparan Xocalı şahidi Mehriban Abışova: "Bir tərəfdə yaralılar, bir tərəfdə meyitlər"
1992-ci il fevralın 26-da Mehriban Abışovanın həyatı iki yerə bölünüb: faciədən əvvəlki Xocalı və ondan sonrakı uzun, ağrılı illər. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, o günə qayıdanda səsi titrəyir, danışdıqca qəhər onu boğur. Deyir ki, bir neçə gün həyatda qalmaq üçün apardığı mübarizə ömrünün sonuna qədər yaddaşından silinməyəcək. Həmin gecə həyat yoldaşı və onun ailəsi ilə birlikdə evdən çıxıblar. Qucağında körpə övladı, ətrafında atışma səsləri, qarşıda isə naməlum yol... Onun sözlərinə görə, əvvəlcə iki gün bir binada gizlənərək sağ qalmağa çalışıblar. Sonra yenidən yola davam edərək qarlı meşə ilə atəş səslərinin altında iki gün fasiləsiz yol gediblər. Mehriban Abışova xatırlayır ki, Ağdama çatanda gördüklərinə inanmayıb. Bir tərəfdə yaralılar, bir tərəfdə meyitlər və onların üzərində göz yaşı tökən insanlar… Faciə zamanı qayınatası da güllə atəşindən həlak olub və meşədə qalıb. Hadisələrdən sonra meyiti tapılıb və dəfn edilib. Mehriban xanım deyir ki, bu itki ailəsinin sağalmayan yarası kimi qalıb. Bir müddət sonra ailə Bakıya, Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün ayrılmış sanatoriyaya yerləşdirilib. 1992-ci ildən bəri həyatlarına burada davam edirlər. Həyat yoldaşı fəhləlik edərək ailəni dolandırıb, çətin şəraitə baxmayaraq övladlarını böyüdüblər. Mehriban Abışova deyir ki, ən çox evləri üçün darıxıb. Xocalıdakı həyət, torpaq, ocağın qoxusu illərdir xatirələrində yaşayır. Torpaqların işğaldan azad edildiyini eşidəndə isə sevincinin həddi-hüdudu olmayıb. Doğma yurdunu görmək üçün bir dəfə Xocalıya gedib. Ancaq həyat yoldaşının ailəsi ilə yaşadığı evin dağıldığını görəndə sarsılıb. Onun sözlərinə görə, illər sonra qayıdıb Xocalıdan əsər-əlamət qalmadığını görəndə bir anlıq gözlərinə inanmayıb. Bu gün Mehriban Abışova yenə ümidlə danışır. Ailəsi ilə birlikdə Xocalıya qayıdacağı günü səbirsizliklə gözləyir. Deyir ki, əvvəlki kimi bərəkətli torpaqlarda məhsul əkib-becərmək, yenidən öz evinin həyətində ocaq qalamaq niyyətindədir. Onun Xocalı ilə bağlı arzuları bitməyib, çünki o torpaq Mehriban xanım üçün sadəcə yaşayış yeri deyil, ömrünün yarımçıq qalmış hissəsidir. Sağ qalmaq üçün günlərlə mübarizə aparan Xocalı şahidi Mehriban Abışova ilə fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az
Oxşar Xəbərlər