Cəmiyyət

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

25 Feb 2026, 22:12 2 baxış
Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri kimi yaddaşlarda qalan Xocalı soyqırımından 34 il ötür. Hər il minlərlə insan soyqırımın ağrı-acısını və günahsız insanların viran edilmiş taleyini simvolizə edən "Ana harayı" abidə kompleksini ziyarət edərək faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edir. Bakının Xətai rayonunun Xocalı prospektində "Ana harayı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanovun sözlərinə görə, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri çərçivəsində parkın ərazisində yerləşən söhbətgahlar, məhəccərlər, oturacaqlar, işıq dirəklərinə baxış keçirilib və rənglənib. Eləcə də hər il olduğu kimi, bu il də 30 mindən artıq gül və dekorativ kollar əkilib. Parkda 8 000 kvadratmetrdə yerləşən yaşıllıq zonasında yaşıl örtük yenilənib. Həmin işlər çərçivəsində, həmçinin prospektboyu yerləşən binaların fasadlarına, işıq dirəklərinə, Xocalı soyqırımını, faciə ilə bağlı statistik rəqəmləri əks etdirən bannerlər, plakatlar vurulub. İşlər yekunlaşıb, abidə və abidə kompleksi ziyarət üçün tam hazırdır.
Abidə kompleksini ziyarət edən paytaxt sakini Samirə İsgəndərova hər il övladları ilə birgə gəlib abidəyə baş çəkdiyini deyib: "Hər gün abidənin yanından keçəndə övladlarıma faciə barədə məlumat verirəm. Xocalı sakinlərinə hər zaman ürəyim ağrıyıb. Dinc əhaliyə amansız divan tutulub. Biz həmin soyqırımı unutmadıq və unutmarıq. Çox sevinirik ki, Xocalı sakinləri öz yurd-yuvalarına qayıdırlar. Xocalı faciəsində günahı olanlar öz cəzalarını layiqincə aldılar". Kompleksi ziyarət edən Tamilla Hüseynova isə bildirib:
"Xocalı bizim qan yaddaşımız, sağalmayan yaramızdır. Bu gün "Ana harayı" abidəsinin önünə qürurla gəlirik. Çünki artıq biz ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycanda yaşayırıq. Biz şəhidlərimizi və Xocalıda olan müsibətləri unutmayacağıq. Allah hər birinin ruhunu şad etsin".
{{gallery}}
Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Mənbə oxu.az

Oxşar Xəbərlər