Cəmiyyət
Vüqar İskəndərov: "Uşaqların qarşılaşdığı risklərin mühüm hissəsi rəqəmsal mühitdən qaynaqlanır"
"Xüsusilə zorakılıq, aqressiya və asılılıq yaradan kompüter oyunlarının istifadəsinin məhdudlaşdırılması, valideyn nəzarəti alətlərinin təşviqi, təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə sistemli maarifləndirmə tədbirlərinin keçirilməsi, oyun və digər rəqəmsal kontent üzrə məcburi yaş kateqoriyası sisteminin tətbiqi və nəzarət mexanizminin gücləndirilməsi qanunvericilik səviyyəsində öz əksini tapmalıdır". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar İskəndərov "Uşaq hüquqları haqqında" Qanunun müzakirəsi zamanı deyib. O bildirib ki, uşaqların qarşılaşdığı risklərin mühüm hissəsi artıq fiziki mühitdən deyil, məhz rəqəmsal mühitdən qaynaqlanır: "Ona görə də uşaqların psixoloji və mənəvi inkişafının qorunması yalnız sosial müdafiə mexanizmləri ilə deyil, eyni zamanda texnoloji təhlükəsizlik siyasəti ilə bağlıdır. Bir çox inkişaf etmiş ölkələr bu istiqamətdə konkret hüquqi mexanizmlər formalaşdırır. Biz də uşaqların sağlam, təhlükəsiz və balanslı rəqəmsal mühitdə böyüməsini təmin etmək üçün qabaqlayıcı addımlar atmalıyıq". Mərahim Nəsib
Mənbə
oxu.az