Cəmiyyət
2012-ci ildən əvvəl məktəbi bitirənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu üçün şəxsən müraciət etməlisiniz
"2012-ci ildən əvvəl orta təhsili bitirmiş şəxslər ali məktəblərə qəbul üçün qeydiyyat zamanı sənəd qəbulu komissiyalarına şəxsən müraciət etməlidirlər". Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova qurumun "Facebook" hesabında yayımlanan "Abituriyent" verilişində çıxışı zamanı qeyd edib. O bildirib ki, sözügedən şəxslər lazımi sənədləri Bakıda və regionlarda olan komissiyalara təqdim etməlidir: "Bakı şəhərində DİM-in Elektron İmtahan Korpusunda, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universitetində sənəd qəbulu komissiyaları fəaliyyət göstərir. Həmçinin bizim bütün regional bölməmizdə - Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə Şəmkir regionlarında da komissiyalar çalışırlar. 2012-ci ildən əvvəl orta təhsili bitirmiş şəxslər ali məktəblərə qəbul üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi və attestatlarını həmin komissiyalara təqdim etməlidirlər". Onun sözlərinə görə, 2012-ci ildən əvvəl olan orta təhsil haqqında məlumatlar DİM-in elektron məlumat bazasında mövcud deyil: "Buna görə həmin illərdə məktəbi bitirən şəxslər komissiyalara müraciət etmədən onlayn qeydiyyatdan keçə bilməzlər. 2012-ci ildən sonrakı dövrə aid orta təhsil sənədləri isə məlumat bazasında yer alır. Oğlan abituriyentlər hərbi xidmətlə bağlı möhlət hüququ olmadıqda da onlayn qeydiyyatdan keçə bilməyəcəklər". Nigar Hüseynova vurğulayıb ki, orta məktəbi xaricdə bitirmiş abituriyentlər də qeydiyyat prosesini onlayn şəkildə tamamlaya bilməzlər: "Onlar da sənəd qəbulu komissiyalarına yaxınlaşmalı, təhsil sənədlərini Azərbaycan dilinə notarial qaydada tərcümə və təsdiq etdirməlidirlər. Hazırda xaricdə orta məktəbin sonuncu sinfində oxuyan abituriyentlər isə birinci yarımil üzrə qiymətlərini və sonuncu kursda təhsil aldıqlarına dair arayışı gətirməlidirlər". Aygün Mirakif
Mənbə
oxu.az